Qrenlandiya Trampı ittiham etdi
“ABŞ prezidenti Donald Tramp adalara qarşı iddialar irəli sürməyə davam edərək Qrenlandiya xalqına qarşı hörmətsizlik edir”.
TodayPress xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Mute Egede “Danmarks” radiosuna deyib.
“Hazırda dünyada baş verənlərdən çox narahatam. Bir çox cəhətdən qeyri-sabit olan dünya nizamı və öz hərəkətlərinə görə məsuliyyət daşımayan ABŞ prezidenti. Biz hörmətlə yanaşılmağa layiqik və Amerika prezidentinin vəzifəyə gəldiyi vaxtdan bəri bunu etdiyini düşünmürəm” deyə Egede bildirib.
Baş nazir onu da qeyd edib ki, Trampın davranışına görə Qrenlandiya uzunmüddətli perspektivdə yerli sakinlərin əvvəllər istədiyi kimi ABŞ-yə yaxın olmayacaq.
Trampın adanı ABŞ-nin bir hissəsi etmək niyyətini açıqlamasından sonra Qrenlandiyanın müstəqilliyi ilə bağlı mübahisələr şiddətlənib.
Xatırladaq ki, o, bu ideyanı ilk dəfə 2019-cu ildə təklif edib, lakin Danimarka hakimiyyəti həmin vaxt məsələni müzakirə etməkdən imtina edib.
2024-cü ilin dekabrında o, məsələni yenidən gündəmə gətirərək ABŞ-nin Qrenlandiya üzərində nəzarətinin bütün dünyada azadlıq üçün vacib olduğunu qeyd edib. Cavab olaraq isə Danimarka səlahiyyətliləri adanın satılmadığını bildirib.
Martın 10-da Tramp Qrenlandiyanı ABŞ-yə birləşdirmək istəyini bir daha bəyan edib.
Qeyd edək ki, “Truth Social” səhifəsində Ağ Ev rəhbəri Qrenlandiyanın inkişafına milyardlarla dollar sərmayə yatıracağına söz verib, yeni iş yerlərinin yaradılmasını elan edib.
Aysel Mətləb
tag: Tramp,Qrenlandiya,ABŞ,İttiham,Todaypress.az,