Ramazan qalmaqalı: Türkiyədə holdinq direktoru istefa verdi
Türkiyənin “Zorlu Holding” şirkətinin baş icraçı direktoru Cem Köksal istefa verib.
TodayPress xəbər verir ki, qərar İstanbul prokurorluğunun onun elektron məktubu ilə bağlı araşdırmaya başlamasından sonra qəbul edilib.
Məlumata görə, “Vessel” adlı törəmə şirkətin rəhbəri Ərgün Gülər Ramazan ayının başlanğıcı ilə əlaqədar işçilərə təbrik mesajı göndərib. Bundan sonra Cem Köksal daxili elektron məktubunda bildirib ki, şirkət yalnız Ramazan Bayramı və Qurban Bayramını rəsmi qeyd edir. O vurğulayıb ki, şirkət dinlərarası balansı qorumaq və beynəlxalq korporasiya kimi neytral qalmaq istəyir.
Bu məktubun görüntüləri yerli mediada və sosial şəbəkələrdə yayılıb. Bundan sonra İstanbul prokurorluğu Köksal barəsində “inancların, fikirlərin və ifadə azadlığının məhdudlaşdırılması” ittihamı ilə istintaqa başlayıb.
“Zorlu Holding” rəhbərliyi məsələ ilə bağlı açıqlama yayaraq Koksalın 1 martdan etibarən vəzifəsindən ayrıldığını bildirib. Şirkət enerji, daşınmaz əmlak, elektronika, məişət texnikası və tekstil sahələrində fəaliyyət göstərir.
Qiymət Mahir
tag: Türkiyə,Holdinq,İstefa,Cem Köksal,todaypress.az,