"Reuters" : ABŞ Qara dənizdə atəşkəsə nail olmağa ümid edir

Dünya

24.03.2025 15:20

3008

ABŞ tərəfi Qara dənizdə atəşkəsə nail olmağa ümid edir. Keçən həftə Rusiya prezidenti Vladimir Putin enerji obyektlərinə hücumları 30 gün müddətinə dayandırmağa razılıq verdikdən sonra Vaşinqton Qara dənizdə dəniz təhlükəsizliyinin bərpası üçün atəşkəs sazişi əldə etməyə çalışır.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.

“Danışıqların əsas mövzusu Qara dənizdə atəşkəsin təmin edilməsi və təhlükəsiz gəmiçiliyin bərpası olacaq” deyə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu, eyni zamanda “faktiki cəbhə xətti olan nəzarət xətti” ilə bağlı müzakirələrə gətirib çıxara bilər.

Danışıqlarda texniki komandalar iştirak edəcək. “Reuters”in mənbələrinə görə, ABŞ nümayəndə heyətinə Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli rəsmisi Endryu Pik və Dövlət Departamentinin nümayəndəsi Maykl Enton rəhbərlik edəcək. Rusiya tərəfini isə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, keçmiş diplomat Qriqori Karasin və FSB-nin Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri təmsil edəcək.

Qeyd edək ki, fevralın 24-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Vaşinqton bu prosesi daha genişmiqyaslı sülh razılaşmasına doğru atılan addım kimi qiymətləndirir.

Qiymət Mahir

tag: ABŞ,Qara dəniz,Rusiya,Enerji,todaypress.az,