Reyhanlı terror aktının təşkilatçısı saxlanıldı
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatayın Reyhanlı rayonunda baş verən və 53 nəfərin ölümü ilə nəticələnən terror aktını təşkil edənlərdən biri olan Temir Dükancını Suriyadan Livana qaçmaq istəyərkən saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
Məlumata görə, Dükancı terror hücumunda istifadə edilən partlayıcıların dəniz yolu ilə Türkiyəyə gətirilməsində və onların daşınması üçün nəqliyyat vasitələrinin təmin edilməsində iştirak edib.
Araşdırmalar nəticəsində məlum olub ki, Dükancı Livana qaçaraq orada təşkilat üzvlərini bir araya toplamaq və Türkiyənin xaricdəki nümayəndəliklərinə qarşı yeni hücumlar təşkil etmək niyyətində olub.
Bunun üçün o, saxta pasport əldə etməyə çalışıb.
MİT-in Suriya-Livan sərhədində keçirdiyi xüsusi əməliyyat nəticəsində narıncı kateqoriyada axtarılan Dükancı saxlanılıb və Türkiyəyə gətirilərək Hatay Polis İdarəsinə təhvil verilib.
Xatırladaq ki, 2013-cü il mayın 11-də Reyhanlıda iki ayrı bombalı hücum nəticəsində 53 nəfər həyatını itirmiş, çox sayda mülki şəxs yaralanmışdı.
Nicat Osman
tag: MİT,Əməliyyat,Terrorçu,Reyhanlı ,Terror Aktı,Todaypress.az,