Rumıniyada seçki komissiyası Kelin Corceskunun namizədliyini rədd etdi

Dünya

10.03.2025 18:27

2150

Rumıniyanın Mərkəzi Seçki Bürosu (BEC) müstəqil namizəd Kelin Corceskunun may ayında baş tutacaq prezident seçkilərində iştirakını rədd edib.

TodayPress xəbər verir ki, komissiya əvvəlki Konstitusiya Məhkəməsi qərarına əsaslanaraq bu nəticəyə gəlib. 

Rəsmi açıqlamada Konstitusiya Məhkəməsinin artıq bu məsələyə dair qərar verdiyindən, prosedur qaydalarına üstünlük verməyin mümkün olmadığı bildirilib. 

Seçki komissiyası Corceskunun namizədlik üçün tələb olunan hüquqi şərtləri yerinə yetirmədiyini və ötən ilin dekabr ayında Konstitusiya Məhkəməsinin prezident seçkilərinin ilk turunu ləğv etməklə onun qaydalara uyğun hərəkət etmədiyini təsdiqlədiyini vurğulayıb.

“Seçki prosesinin yenidən başlaması fonunda həmin şəxsin namizədlik üçün uyğun hesab edilməsi yolverilməzdir” BEC-in qərarında bildirilib. Mediaya verilən məlumata görə, Corcesku qərardan 24 saat ərzində şikayət edə bilər.

Eyni zamanda, seçki qurumu daha iki müstəqil namizədin də qeydiyyatını rədd edib. Rumıniyanın seçki təqviminə əsasən, namizədlərin qeydiyyatı və ya imtinası martın 17-dək yekunlaşdırılmalıdır. 

Qeyd edək ki, hakim koalisiya prezident seçkilərinin birinci turunun 4 may 2025-ci ildə, ehtiyac yaranarsa, ikinci turunun 18 mayda keçiriləcəyini açıqlayıb. 62 yaşlı Corcesku 2024-cü ilin noyabrında baş tutan seçkilərin ilk turunda liderlik etmiş və ikinci tura keçmişdi.

Qiymət Mahir

tag: Ruminiya,Namizəd,Həbs,Məhkəmə,Todaypress.az,