Rusiya XİN: Ermənistanın Aİ seçimi Aİİ ilə əlaqələrin pozulması ilə nəticələnə bilər

Dünya

14.04.2025 12:33

18

Ermənistan Avropa İttifaqı ilə inteqrasiya yolunu seçərsə, bu, ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində tərəfdaşları ilə qurduğu mövcud iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “İzvestiya”ya açıqlamasında Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomatın sözlərinə görə, Rusiya Ermənistanı iqtisadi cəhətdən cəzalandırmaq və ya təcrid etmək niyyətində deyil: 

“Ötən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib və bu, əhəmiyyətli artımdır. Ermənistan bizim müttəfiqimiz və strateji tərəfdaşımızdır. Bizi birləşdirən dərin tarixi bağlar və ortaq Qələbə var. Ermənistanın Aİİ-dəki uğurlu 2024-cü il sədrliyini yüksək qiymətləndiririk”.

Qaluzin hesab edir ki, Aİ və Aİİ arasındakı gömrük-tarif mexanizmlərinin uyğunsuzluğu səbəbindən iki təşkilata eyni vaxtda üzvlük mümkün deyil:  “Ermənistan qərar verməlidir — Aİ ilə inteqrasiya, yoxsa Aİİ-də qalmaq. Hazırda Aİİ çərçivəsində iştirak Ermənistan iqtisadiyyatına konkret faydalar verir, o cümlədən son bir ildə 6 faizlik ÜDM artımı qeydə alınıb”.

Rusiya rəsmisi Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərini qeyri-müəyyən və ideoloji xarakterli sayır: 

“Aİ ilə üzvlük perspektivi bəlli deyil, ticarət dövriyyəsi isə Rusiya ilə müqayisədə dəfələrlə aşağıdır. Üstəlik, Aİ açıq şəkildə Rusiyaya qarşı düşmənçilik siyasəti aparır, bu isə Ermənistan üçün də strateji təhdid yaradır”.

Qaluzin bildirib ki, hazırda Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil və təşkilatın bütün tədbirlərində aktiv iştirak edir: 

“Ümid edirik ki, Ermənistan bu reallıqları dəyərləndirəcək və müvafiq qərarlar qəbul edəcək”. 

Qiymət Mahir

tag: Rusiya XİN,Ermənistan,Avropa İttifaqı,Əlaqələr,Todaypress.az,