Rusiyada Çin avtomobillərinə milyonluq endirimlər başladı
Rusiyada avtomobil dilerləri yeni Çin markalı avtomobilləri milyon rubla qədər endirimlə satışa çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Bildirilib ki, səbəb anbarların dolması və satışdakı durğunluqdur. Nəşrin məlumatına görə, endirimlər müxtəlif modellər üzrə 150 min rubldan 1 milyon rubla qədər dəyişir.
Yüksək Mərkəzi Bank faizi fonunda anbarlarda maşın saxlamaq baha başa gəldiyi üçün şirkətlər satışları stimullaşdırmaq üçün qiymətləri aşağı salmağa məcbur qalıb.
“Avilon” şirkətinin satış üzrə baş direktoru Rinat Tyukteyev isə əlavə edib ki, qiymət enməsinə yüksək faiz dərəcələri ilə yanaşı, yuan qarşısında rublun möhkəmlənməsi də təsir edib.
“Avtodom” şirkətinin rəhbəri Andrey Olxovski isə vəziyyəti daha da kəskin qiymətləndirib.
Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində avtomobil bazarında vəziyyət olduqca mənfidir – bəzi markalar üçün anbarlardakı ehtiyat 4–6 aylıq satışa bərabərdir və yeni tədarükü vaxtında dayandırmaq mümkün olmayıb.
Tyukteyev qeyd edib ki, şirkətlər bu il üçün satış planlarını son dərəcə ehtiyatla hazırlayırlar, çünki 2024-cü ilə dair proqnozların 90 faizi özünü doğrultmayıb.
Xatırladaq ki, daha əvvəl Rusiyada 2025-ci ildə avtomobil qiymətlərinin 50% artacağı bildirilmişdi.
Qiymət Mahir
tag: Rusiya,Çin,Avtomobil,Endirim,Todaypress.az,