Rutte: “ABŞ atəşi dayandırmaq üçün səy göstərir, lakin…”
NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Rusiya rəhbərliyi Vaşinqtona atəşkəslə bağlı şərtləri diktə edə biləcək vəziyyətdə deyil. Onun fikrincə, Kreml müharibəni dayandırmaq istədiyini əməldə sübut etməlidir.
TodayPress xəbər verir ki, bu fikirləri Rutte “CBS News” telekanalına müsahibəsində bildirib.
O deyib ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün keçən həftə atdığı addımlar fonunda “top açıq şəkildə rusların tərəfində idi”.
“Onlar kifayət qədər sürətlə hərəkət etmirlər. Mənim təəssüratım və ABŞ administrasiyası ilə təmaslarım bunu göstərir ki, Rusiya bu müharibəni bitirmək üçün daha çox iş görməlidir” deyə NATO-nun baş katibi vurğulayıb.
Rutte həmçinin müharibənin dərhal dayandırılmalı olduğunu bildirib:
“Çox sayda insan həlak olur, Ukraynanın infrastrukturu darmadağın edilib, şəhərlər yerlə-yeksan olunub”.
Müsahibə zamanı aparıcının ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukraynada tam atəşkəs istədiyini, rusların isə yalnız qismən atəşkəsə razılıq verdiyini və bunun Rusiyanın şərtləri diktə etməsi kimi dəyərləndirilib-dəyərləndirilmədiyini soruşduqda Rutte belə cavab verib:
“Xeyr. Mən ABŞ-nin dövlət katibi Marko Rubio ilə danışdım, digər administrasiya rəsmiləri ilə də mütəmadi əlaqədəyəm. Məncə, onlar müharibəni bitirmək üçün addım-addım irəliləyirlər. Amma məlumdur ki, Rusiya da bu “tango”da iştirak etməlidir.
Hazırda görünən budur ki, onlar bunu etmirlər və belə davam etsə, irəliləmək çətin olacaq”.
Rutte həmçinin bildirib ki, Vladimir Putinin müharibəni həqiqətən dayandırmaq istəyib-istəmədiyi ilə bağlı qəti fikir söyləmək mümkün deyil:
“Biz bunu bilmirik. Bu, bir növ testdir. Onun ABŞ-nin təkliflərinə necə cavab verəcəyini görməliyik”.
Qiymət Mahir
tag: Mark Rutte,NATO,Baş Katib, Rusiya, Avropa, Ukrayna,Todaypress.az,