Rütte Trampın siyasətindən yayınır: NATO daxilində gərginlik riski artır
NATO-nun baş katibi Mark Rüttenin son mətbuat konfransı onun çətin vəziyyətdə olduğunu bir daha göstərdi.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşrə görə, Rütte ABŞ prezidenti Donald Trampın davranışlarına görə ehtiyatlı addımlar atmağa məcburdur və Ağ Ev ilə münasibətlərdə hər hansı gərginlikdən yayınmağa çalışır.
Rütte dəfələrlə Trampın tətbiq etdiyi gömrük tarifləri, Rusiya ilə bağlı siyasət və ABŞ-nin Qrenlandiyanı nəzarətə götürmək planları barədə suallardan yayınmağa cəhd edib.
Məqalənin müəllifinin fikrincə, əgər Rütte bu məsələlərə səmimi cavab versəydi, o zaman Trampdan məsafə saxlamalı, bu isə NATO daxilində münasibətlərə ciddi zərbə vura bilərdi:
“Əgər o, açıq danışsaydı, ehtimal ki, ABŞ prezidenti ilə münasibətlərini riskə atmış olardı ki, bu da Şimali Atlantika alyansının və Avropanın təhlükəsizliyi üçün nəticələr doğura bilərdi. Bu səbəbdən, o, məsələdən yayınmağı seçdi”. Rütte özü də bu mövqeyini dolayı yolla etiraf edib:
“Mən düşünmürəm ki, Alyansın maraqlarına, Alyansın rəsmi mövqeyinin bir hissəsi olmayan məsələlərə münasibət bildirməklə xidmət etmiş olaram”.
“The Guardian” qeyd edib ki, bu yanaşma Avropa müttəfiqləri arasında narazılıq yarada bilər.
Xüsusilə, Danimarkanın Trampın Qrenlandiya ilə bağlı bəyanatlarına münasibət bildirilməməsindən narahat olduğu xəbərləri bu riskin real olduğunu göstərir.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Rutte,NATO,Baş Katib, Rusiya, Avropa, Ukrayna, todaypress.az,