Saakaşvilinin partiyası ləğv olunur

Dünya

28.03.2025 11:41

2493

"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının hakimiyyətdə olduğu dövrdə məmurlar tərəfindən törədilmiş cinayətlərin araşdırılması üzrə müvəqqəti istintaq komissiyasının görəcəyi işlər bu siyasi qüvvənin ləğvi üçün əsas ola bilər”.   

TodayPress "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu ölkənin "Xalq Hakimiyyəti Partiyası"ndan olan deputatı Quram Maçaraşvili deyib.

Bildirilib ki, fevralın 5-də keçmiş hakim "Vahid Milli Hərəkat Partiyası"nın 2003-2012-ci illərdə törətdiyi cinayətləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılıb.

Onlar üç ay parlamentdə işləyəndən sonra hesabatı təqdim edəcəklər. Növbəti görüş martın 28-də baş tutacaq.

“Biz avqust müharibəsi məsələlərini araşdırırıq. İctimaiyyətə və komissiyaya “Milli Hərəkat”ın kriminal rejim kimi mövcudluğunu təsdiq edən nümunələr göstərmək istəyirik” deyə Maçaraşvili bildirib.

Deputatın sözlərinə görə, bütün dindirmələr əsasən siyasi rəhbərliyə və onun hərbi əməliyyatlardakı məsuliyyətinə aiddir.

O komissiyanın "Milli Hərəkat" partiyasının siyasi qüvvə kimi ləğvi üçün əsas olacaq sübutları tam şəkildə araşdıracağına əmin olduğunu vurğulayıb. 

Qeyd edək ki, Gürcüstan parlamentinin reqlamentinə əsasən, müvəqqəti istintaq komissiyası müəyyən hallarda tədqiq olunan məsələ ilə bağlı istənilən şəxsi dəvət etmək və ya ondan yazılı izahat almaq hüququna malikdir. İfadə verməkdən imtina etmək isə cinayətdir.

Müvəqqəti istintaq komissiyasının iclaslarının yeri və tezliyi komissiya tərəfindən müəyyən edilir, lakin ayda ən azı iki iclas keçirilməlidir. Komissiya öz işinin nəticələrinə əsasən, güman ki, sentyabrın əvvəlində Gürcüstan parlamenti tərəfindən baxılaraq təsdiqlənəcək hesabat hazırlayacaq.

Komissiyanın hesabatında cinayətkarlara Konstitusiyada nəzərdə tutulmuş siyasi və hüquqi cavab tədbirləri ilə bağlı tövsiyələr yer alacaq.

Parlamentin təsdiq etdiyi hesabat sonrakı tədbirlər və günahkarların cəzalandırılmasının təmin edilməsi üçün Gürcüstan qanunvericiliyinə uyğun olaraq Prokurorluğa və digər aidiyyəti orqanlara göndəriləcək. 

Töhfə Səməd

tag: Gürcüstan,Mixail Saakaşvili,Partiya,Ləğv,Todaypress.az,