Sabiq müşavir: “Trampın iddiaları NATO-da parçalanma yarada bilər”

Dünya

30.03.2025 21:00

1991

“ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək planları Vaşinqtonla onun müttəfiqləri arasında gərginlik yaradaraq, Danimarka və ada ilə münasibətləri pozur”. 

TodayPress xəbər verir ki, bu barədə Trampın birinci prezidentlik dönəmində milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton Danimarkanın “DR” yayım şirkətinə müsahibəsində danışıb.

Bolton bildirib ki, ABŞ Konqresində heç kim Qrenlandiyaya qarşı hərbi gücdən istifadəyə razı olmaz və Tramp da bunu “tədricən anlayır”:

“Mən ABŞ-nin NATO müttəfiqinin ərazisinə müdaxilə etdiyini təsəvvür edə bilmirəm. Əgər belə bir şey baş versəydi, Konqresin həm Demokrat, həm də Respublikaçı qanadından reaksiyası çox mənfi olardı”.

Sabiq müşavir qeyd edib ki, ABŞ-nin Qrenlandiyanı almaq ideyası tarixdə təkrarən gündəmə gəlib: 1868-ci ildə dövlət katibi Uilyam Henri Syuard, 1947-ci ildə isə prezident Harri Trumen bu təşəbbüslə çıxış etmişdi.

Bolton onu da əlavə edib ki, Trampa Qrenlandiyanı almağı onun yaxın dostlarından biri məsləhət görüb.

“Tramp hesab edir ki, bu ərazini ABŞ-yə birləşdirmək onun tarixdəki nüfuzunu artıracaq. Bəli, bu fikir 1868-ci ildə normal görünə bilərdi. Amma bu gün dünya belə işləmir”  deyə o vurğulayıb.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Qrelandiya,Dünya,NATO,todaypress.az,