Sergey Şoyqu Ermənistana ciddi xəbərdarlıq etdi
“Ermənistanın Avropa İttifaqına daxil
olması o demək olacaq ki, o, Rusiya əleyhinə sanksiyalara qoşulmalı və Ukraynanı
silahla təmin etməli olacaq”.
TodayPress xəbər verir ki, bunu Rusiya
Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Rəsmi İrəvana xəbərdarlıq edən Şoyqu deyib: “Ermənistan
Avropa sanksiyalarına və Avropa İttifaqının hərbi-siyasi qərarlarına, o
cümlədən bu cür alətlər çərçivəsində məsələn, Aİ-nin ümumi təhlükəsizlik və
müdafiə siyasəti və Avropa Sülh Fondunun qərarlarına qoşulmalı olacaq. Bu
fond Ukraynanın silahlı qüvvələrinə maliyyə dəstək verir”.
Katib qeyd edib ki, Avropa İttifaqına mümkün qəbulunda
Ermənistan nəinki iqtisadi problemlərlə üzləşəcək, həm də Rusiyaya qarşı
sanksiyaların tətbiqinə qoşulmağa məcbur olacaq və Brüssel də bunda israrlı
olacaq.
Şoyqu xatırladıb ki, Rusiyadan Ermənistana pul
köçürmələri ölkənin ÜDM-nin təxminən 15%-ni təmin edir: “Ermənistan Avropa
İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Avrasiya
İqtisadi İttifaqından (Aİİ) çıxmalı olacaq. Ən mühafizəkar hesablamalara görə,
Aİİ-dən Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesi mərhələsində
çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə başa gələcək. Bu, ölkə iqtisadiyyatına
kritik ziyan vuracaq, istehsalın azalması, əmək bazarının daralması, işsizliyin
və inflyasiyanın artması həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə
səbəb olacaq. Eyni zamanda, İrəvan Avropa iqtisadiyyatının vəziyyətini nəzərə
alaraq Aİ-nin səxavətli subsidiyalarına bel bağlamamalıdır”.
Onun sözlərinə görə, avrointeqrasiya perspektivi
müqabilində Ermənistan vətəndaşları Aİİ-nin vahid əmək bazarının verdiyi
imtiyazlardan, o cümlədən icazəsiz məşğulluqdan, sadələşdirilmiş qeydiyyatdan,
pulsuz tibbi xidmətdən və təhsildən imtina etməli olacaqlar:
“Ölkənin əhəmiyyətli payı Rusiyada işləyən Ermənistan
vətəndaşlarının köçürmələri təşkil edir. Nəzərə alsaq ki, çoxları öz
vətənlərinə qayıtmalı olacaq, Avropa isə onları gözləmir, Ermənistan
iqtisadiyyatına xaricdən nağd pul axınının və kifayət qədər əhəmiyyətli
dərəcədə azalacağını əminliklə proqnozlaşdırmaq olar. Ermənistan Aİ tələblərinə
cavab vermək üçün bütün standartlar və sertifikatlaşdırma sistemini yenidən
qurmalı olacaq.
Praktikada bu, minimumda - durğunluq, maksimumda isə
mövcud sənayenin, o cümlədən metallurgiya, yeyinti və yüngül sənayenin məhv
edilməsi deməkdir. Oxşar mənzərəni artıq Baltikyanı respublikaların timsalında
da müşahidə etmək olar. Ukrayna da bir vaxtlar bundan əziyyət çəkdi, o zaman
qanunvericiliyinin Aİ-nin hüquqi normalarına, o cümlədən üçüncü enerji paketinə
uyğunlaşdırılması sənaye istehsalının və enerjinin deqradasiyasına gətirib
çıxardı”.
tag: Sergey Şovqu, Ermənistan, Azərbaycan, Rusiya, Ukrayna, Xəbərdarlıq, todaypress.az,