Şərqi və Cənubi Afrikada 178 mindən çox xolera halı qeydə alındı
2024-cü ilin yanvarından 2025-ci ilin mart ayına qədər Şərqi və Cənubi Afrikanın 16 ölkəsində 178 mindən çox xolera epidemiyasına yoluxam halı təsdiqlənib.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) bildirib.
UNICEF-in məlumatına görə, su, sanitariya və sağlamlıq xidmətlərinə məhdud çıxış vəziyyəti daha da pisləşdirib və 2,900 nəfərin ölümünə səbəb olub. Ölənlərin əksəriyyəti uşaqlardır.
Sanitariya və gigiyena xidmətlərinin çatışmazlığı nəticəsində bölgədə 174 milyon insanın evində gigiyenik şərait yoxdur, ən azı 71 milyon insan isə açıq yerlərdə tualet ehtiyacını ödəməyə məcburdur.
“Bu rəqəmlər iqlim dəyişikliklərinin – şiddətli daşqınlar və quraqlıqların təsirlərinin artması ilə daha da təhlükəli hal alır. Su anbarları və boru xətləri kimi əsas infrastrukturun dağıdılması və yeraltı su ehtiyatlarının azalması uşaqlar üçün ciddi təhdid yaradır” UNICEF-in hesabatında deyilir.
Bu vəziyyət bölgədə artıq 16 ölkədə yayılan xolera da daxil olmaqla, yoluxucu xəstəliklərin yayılma riskini artırır.
BMT agentliyi hökumətləri və digər maraqlı tərəfləri böhranlara davam gətirə bilən dayanıqlı sistemlər qurmaq və təhlükəsiz su, sanitariya xidmətlərinə davamlı çıxışı təmin etmək üçün kifayət qədər maliyyə ayırmağa çağırıb.
Eyni zamanda, UNICEF hökumətləri ən yüksək səviyyədə siyasi öhdəlik götürərək ehtiyacı olan uşaqlar və ailələr üçün təmiz su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırmağa səsləyib.
Qiymət Mahir
tag: Şərqi Afrika,Cənubi Afrika,Xolera,Epidemiya,todaypress.az,