Sinqapur 2024-cü ili rekord istiliklə başa vurub
Sinqapur 2024-cü ili ölkə tarixində ən isti il kimi başa vurub. İllik orta temperatur 28,4 dərəcə Selsi olub ki, bu da 2019 və 2016-cı illərlə eyni rekord göstəricidir.
TodayPress xəbər verir ki, bu barədə Sinqapur Meteorologiya Xidmətinin 2024-cü il üzrə İllik İqlim Qiymətləndirmə Hesabatında bildirilir.
Hesabata əsasən, 2015-2024-cü illər aralığında orta temperatur 28,11 dərəcə təşkil edib, bu isə əvvəlki onilliklə (2014-2023) müqayisədə 0,05 dərəcə yüksəkdir.
2024-cü ilin bütün aylarında temperatur uzunmüddətli orta göstəricilərdən yuxarı olub, il ərzində bir neçə istilik rekordu yenilənib. Fevralda ən isti gecə, dekabrda isə ən isti gündüz temperaturu qeydə alınıb.
Hesabatda vurğulanıb ki, qlobal iqlim dəyişikliyi temperaturun artmasına səbəb olan əsas amildir, lakin iqlim dəyişkənliyi də mühüm rol oynayıb. 2023-cü ildə başlayan və 2024-cü ilin ikinci rübündə başa çatan El-Ninyo hadisəsi də rekord istilərə təsir edib.
Sinqapurun temperatur trendləri Ümumdünya Meteorologiya Təşkilatının son hesabatında qeyd edilən qlobal istilik tendensiyası ilə də üst-üstə düşür. Təşkilat 2024-cü ili dünya üzrə 1850-ci ildən bəri ən isti il elan edib.
Qiymət Mahir
tag: Sinqapur ,2024,Hesabat,El-Ninyo,Todaypress.az,