Sinqapur limanı lisenziya verəcək
Sinqapurun Dənizçilik və Liman İdarəsi (MPA) Sinqapur Limanında gəmi yanacağı kimi istifadə edilən metanolun təchizatını həyata keçirmək üçün lisenziya müraciətlərinin qəbuluna başlayıb.
TodayPress xəbər verir ki, bu barədə martın 25-də Sinqapurun nəqliyyat naziri Emi Kor məlumat verib.
O, Sinqapur Dənizçilik Həftəsi çərçivəsində keçirilən “Rəqəmsallaşma və Dekarbonizasiyanın Sürətləndirilməsi” konfransında çıxış edərkən bildirib ki, addım gəmi sahiblərinin metanol yanacağına artan marağı ilə əlaqədardır. Onun sözlərinə görə, yaxın vaxtlarda metanolla təchizat üçün texniki istinad sənədləri və standartlar hazırlanıb.
Məqsəd gəmiçilik sahəsində metanol istifadəsinin təhlükəsiz və standartlaşdırılmış qaydada tətbiq olunmasını təmin etməkdir. Emi Kor həmçinin elektriklə işləyən liman gəmiləri üçün enerji doldurma və batareyaların dəyişdirilməsi infrastrukturunu dəstəkləyən yeni texniki standartın hazırlandığını da qeyd edib.
Bu təşəbbüslər Sinqapurun dənizçilikdə davamlı inkişaf siyasətinin bir hissəsidir. Nazir əlavə edib ki, qlobal qeyri-müəyyənliklər və yüksək xərclərə baxmayaraq, tullantıların azaldılması əlavə xərc kimi yox, rəqabət üstünlüyü kimi qiymətləndirilməlidir.
Kor həmçinin Sinqapurun aşağı və sıfır karbonlu yanacaqların tətbiqi istiqamətində ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyət orqanları ammonyakın gəmi yanacağı kimi istifadəsinin təhlükəsizlik və ekoloji təsirlərini qiymətləndirmək üçün virtual simulyasiyalardan istifadə edir.
Bu metod LNG və metanol kimi digər alternativ yanacaqlar üçün də tətbiq olunur.
Qiymət Mahir
tag: Sinqapur,Liman,Lisenziya,Daşıma,Todaypress.az,