TDT-nin yenilənmiş bayrağı qaldırıldı
Türk
Dövlətləri Təşkilatının (TDT) yenilənmiş bayrağına keçidin rəsmi olaraq
tamamlanması münasibətilə təşkilatın İstanbuldakı qərargahının önündə bayraq
qaldırma mərasimi keçirilib.
TodayPress xəbər verir ki, mərasimdə TDT-nin baş katibi Kubanıçbek
Ömüralıyev, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xarici işlər
nazirlərinin müavinləri, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini
Samir Şərifov iştirak ediblər.
Tədbirdə çıxış
edən TDT-nin baş katibi yenilənmiş bayraqdakı səkkizguşəli ulduzun yüz illərdir
mövcud olan türk dövlətçilik ənənəsi, birliyi və gücünü ifadə etdiyini bildirib.
Türk-İslam
ənənəsinə görə, səkkizguşəli ulduzun müdriklik rəmzi olduğunu vurğulayan
Ömüralıyev deyib: “Bu bayraq qardaşlığımızın gücünü, əməkdaşlığımızın
dərinliyini və birgə qurduğumuz parlaq gələcəyi təmsil edir, Türk dünyasında
formalaşan imkanların artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində
qətiyyətimizin göstəricisidir”.
Tədbirdə çıxış
edənlər ötən il noyabrın 6-da Bişkekdə keçirilən Dövlət Başçıları Şurasının XI
Zirvə görüşünü xatırladaraq bu toplantını Türk dünyasının inteqrasiyasını dərinləşdirəcək
qərarların qəbulu baxımından ortaq fəaliyyətimizin dönüm nöqtəsi kimi
qiymətləndiriblər.
Bildirilib ki,
Zirvə görüşündə qəbul edilən simvolik baxımdan əhəmiyyətli qərarlardan biri də
yenilənmiş TDT bayrağının qəbulu olub və bu bayraq bütün üzv dövlətlərin, eləcə
də Türk xalqlarının ortaq dəyərlərini əks etdirəcək şəkildə yenilənib.
Sonra baş katib
və nazir müavinləri yenilənmiş TDT bayrağını qaldırıblar.
tag: TDT, Bayraq, Zirvə Görüşü,Özbəkistan, Qazaxıstan, Türkiyə, todaypress.az,