Tehran: ABŞ diplomatik təşəbbüsümüzə dəyər verməlidir

Dünya

11.04.2025 13:39

11

İran rəsmiləri ABŞ-nin davam edən təhdidkar ritorikasına baxmayaraq, diplomatiyaya şans verdiklərini bildiriblər. 

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai “X” sosial platformasında paylaşım edib.

“Biz bu prosesi tam ciddilik və ehtiyatlılıqla aparırıq. Diplomatiyaya real imkan tanıyırıq. ABŞ bu qərarın qədrini bilməlidir. Bu, onların davamlı aqressiv ritorikasına baxmayaraq atılmış addımdır. Biz nə əvvəlcədən qiymətləndiririk, nə də proqnozlaşdırırıq…” deyə o qeyd edib.

Onun sözlərinə görə, İran tərəfi aprelin 12-də ABŞ-nin danışıqlardakı mövqeyini qiymətləndirdikdən sonra münasibət bildirəcək. Qeyd edək ki, aprelin 12-də Omanda İran və ABŞ nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundunun keçirilməsi planlaşdırılır.

Danışıqlarda İranın əsas təmsilçisi xarici işlər nazirinin müavini Abbas Əraqçi, ABŞ tərəfindən isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff olacaq. Tehran bildirib ki, tərəflər arasında birbaşa dialoq aparılmayacaq, danışıqlar Maskatın vasitəçiliyi ilə keçiriləcək.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs isə qarşıdakı tədbiri “danışıqlar” yox, görüş xarakterli format kimi dəyərləndirib. 

Qiymət Mahir

tag: İran,ABŞ,Tehran,Ağ ev,Todaypress.az,