“Tesla” ABŞ-yə qarşı ticarət cavab tədbirlərindən narahatdır
Amerikanın “Tesla” şirkəti ABŞ-dən idxala qarşı digər ölkələrin cavab rüsumları tətbiq edə biləcəyindən narahatdır.
TodayPress xəbər verir ki, bu barədə məlumat müəssisənin ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrirə ünvanladığı 11 mart tarixli məktubda yer alıb.
Sənəddə qeyd olunub ki, ABŞ-nin keçmiş ticarət addımları hədəf götürülən ölkələrin idxal edilən elektromobillərə dərhal rüsum artırmaqla cavab verməsi ilə nəticələnib.
“Tesla” bildirir ki, genişlənən ticarət mübahisələri ABŞ-də avtomobil istehsalının maya dəyərini artıracaq. Şirkət hökuməti, xüsusilə litium və kobalt kimi ABŞ-də çatışmayan xammalın idxalını daha da bahalaşdıracaq qərarlardan çəkinməyə çağırıb.
Bununla yanaşı, “Tesla” istehsal və tədarük zəncirinin mümkün qədər çox hissəsini ABŞ-yə yönləndirmək üçün addımlar atdığını, lakin bəzi mühüm komponentlərin ölkə daxilində əldə edilməsinin çətin və ya mümkünsüz olduğunu qeyd edib.
Şirkət Qrirə müraciət edərək, daxili tədarük imkanlarının məhdudiyyətlərini yenidən nəzərdən keçirməyə və ABŞ istehsalçılarını əlavə yük altına salacaq ticarət addımlarından çəkinməyə çağırıb.
Qeyd edək ki, ABŞ-nin polad və alüminiuma yeni rüsumlar tətbiq etməsindən sonra Avropa İttifaqı və Kanada buna genişmiqyaslı cavab verəcəklərini bəyan ediblər.
Qiymət Mahir
tag: Tesla,ABŞ,Rüsum,Gömrük,Todaypress.az,