"Times": Atəşkəs Rusiyanın qələbəsinə çevriləcək
Qara dənizdə atəşkəs barədə əldə olunan razılaşma Rusiya prezidenti Vladimir Putin üçün ciddi siyasi qələbə kimi dəyərləndirilə bilər.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin “Times” jurnalı yazıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanında ABŞ-nin vasitəçiliyi ilə baş tutan danışıqlar nəticəsində əldə edilən ilkin atəşkəs razılaşması Ukrayna münaqişəsinə ciddi təsir göstərməyəcək.
Lakin bu razılaşma Moskva üçün daha əlverişli görünür və Kiyevdən ciddi güzəştlər tələb etmir.
Məqalədə qeyd olunub ki, Rusiya Qara dənizdə atəşkəsin və enerji infrastrukturlarına zərbələrin qadağan olunmasının praktiki nəticələrindən daha çox fayda götürəcək.
Bununla yanaşı, Moskvanın Rosselxozbank və digər ərzaq və gübrə ticarəti ilə məşğul olan maliyyə qurumlarına tətbiq edilən sanksiyaların yumşaldılmasını və bu qurumların yenidən SWIFT ödəniş sisteminə qoşulmasını tələb etdiyi də vurğulanır.
Jurnalın gəldiyi nəticəyə görə, əgər Rusiya bu tələblərini gerçəkləşdirə bilsə, bu, Vladimir Putin üçün həm diplomatik, həm də iqtisadi baxımdan əhəmiyyətli uğur olacaq.
Bundan əvvəl Böyük Britaniyanın “RUSI” beyin mərkəzinin tədqiqatçısı Maykl Klark bildirmişdi ki, əgər Rusiya ABŞ ilə strateji tərəfdaşlıq qurmağa nail olsa və sanksiyaların bir qismi ləğv edilsə, bu, beynəlxalq səviyyədə Putinin qələbəsi kimi qəbul olunacaq.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Müharibə,Atəşkəs,Qələbə,Todaypress.az,