Tramp 3 milyard dollarlıq xərci azaldacaq

Dünya

25.03.2025 10:42

2103

ABŞ prezidenti Donald Tramp əvvəlcədən ayrılmış 3 milyard dollara yaxın fövqəladə büdcə xərclərini azaltmağı planlaşdırır. Bunun 2,5 milyard dolları xarici yardımlara ayrılmış vəsaitlərdir. 

TodayPress xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb.

Məlumata görə, Tramp bu ixtisarları əvvəlki prezident Cozef Baydenin administrasiyası tərəfindən 2023-cü ildə dövlət borcunun artırılması haqqında qanun çərçivəsində təsdiqlənmiş xərclər hesabına həyata keçirəcək.

İxtisar olunacaq 2,5 milyard dollar əsasən miqrasiya və qaçqınlarla məşğul olan qeyri-hökumət təşkilatlarına, Moldova və Gürcüstandakı iqtisadi inkişaf layihələrinə və inklüzivliklə bağlı təşəbbüslərə yönəldilib. 

Ağ Ev rəsmilərindən biri açıqlamasında bildirib ki, beynəlxalq yardımların bir hissəsi lazımi nəzarətdən keçməyib və kifayət qədər əsaslandırılmayıb.

“Əslində, bu xərclər nəinki fövqəladə deyil, hətta dövlət büdcəsində ən az prioritetə malik sahələrdən biridir” deyə rəsmi qeyd edib.

Eyni zamanda, 2023-cü il qanunu çərçivəsində ayrılmış digər 9,4 milyard dollarlıq fövqəladə büdcə vəsaitləri ixtisarlardan kənar qalacaq.

Qiymət Mahir

tag: Tramp,ABŞ,Xarici,YArdım,Azalma,Milyard,Dollar,Todaypress.az,