Tramp: “ABŞ Aİ-yə qarşı yeni gömrük tarifləri tətbiq edəcək”
ABŞ Avropa İttifaqından (Aİ) idxal olunan mallara əlavə gömrük rüsumları tətbiq etməkdə qərarlıdır.
TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahından Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Bu, Aİ-yə qarşı mütləq baş verəcək, bunu sizə deyə bilərəm. Çünki onlar bizdən həqiqətən sui-istifadə edirlər” deyə Tramp ABŞ-nin Aİ ilə ticarət münasibətlərində əlavə rüsumlar tətbiq etmək planlarını şərh edərkən bildirib. O, əlavə edib ki, Vaşinqton proteksionist addımları çox tezliklə həyata keçirəcək.
Trampın sözlərinə görə, ABŞ-nin Aİ ilə ticarət balansındakı kəsir 300-350 milyard dollardan çoxdur. O, vurğulayıb ki, Aİ ölkələri ABŞ-nin avtomobil sənayesi və kənd təsərrüfatı məhsullarını almaqda maraqlı deyil.
“Onlar demək olar ki, heç nə almırlar. Amma biz onlardan hər şeyi alırıq” deyə Tramp əlavə edib. O, Aİ-nin ticarət siyasətini qeyri-adekvat adlandırıb.
Bundan əlavə, Tramp Böyük Britaniyanın ABŞ ilə ticarət siyasətini də tənqid edib. Lakin o, məsələni həll etməyin mümkün olduğunu bildirib.
“Mən Böyük Britaniyanın baş naziri Kir Starmerlə çox yaxşı münasibət saxlayıram” deyə Tramp qeyd edib.
Qiymət Mahir
tag: ABŞ ,Aİ, Donald Tramp,Böyük Britaniya,Kir Starmer,todaypress.az,