Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırdı
ABŞ Prezidenti Donald Trampın
administrasiyası ölkənin əsas biotibbi institutu olan Milli Səhiyyə
İnstitutunun (NIH) fəaliyyətini dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg”
agentliyi məlumat yayıb.
“Tramp administrasiyası ABŞ-nin həyati əhəmiyyət kəsb
edən biotibbi tədqiqat qolu olan Milli Səhiyyə İnstitutunun işini dayandırıb.
Qrantların nəzərdən keçirilməsi, səfərlər və işə qəbul qeyri-müəyyən müddətə
dondurulub. NIH-in əməliyyatlarında hətta kiçik fasilələr belə, xüsusilə də
gənc tədqiqatçılar üçün, ciddi nəticələrə səbəb ola bilər” agentlikdən
bildirilib.
Qeyd edilib ki, biotibbi tədqiqatlara investisiyalar ABŞ
iqtisadiyyatına ciddi xeyir verir. NIH-in məlumatına görə, elmə yatırılan hər 1
dollar 2,46 dollarlıq iqtisadi aktivliyə çevrilir.
NIH ABŞ-də biotibbi tədqiqatlar üçün əsas maliyyə
mənbəyidir və 2,5 min institutda 300 mindən çox tədqiqatçıya dəstək olmaq üçün
hər il 47 milyard dollardan çox vəsait ayırır. Bu, instituta yeni tibbi
texnologiyaların, o cümlədən xərçəng immunoterapiyasının işlənib
hazırlanmasında əsas rol oynamağa imkan verir.
tag: ABŞ, Tramp, Prezident, Biotibb, Səhiyyə ,todaypress.az,