Tramp İranla yeni nüvə danışıqları təklif edib

Dünya

08.03.2025 15:00

1625

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub yazaraq Tehranla nüvə proqramı üzrə yeni danışıqlar aparmağı təklif edib.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Tramp bu addımının arxasında iki fərqli yanaşmanın dayandığını bildirib: 

“İranla iki yolla davranmaq olar – ya hərbi yolla, ya da razılaşma ilə. Mən razılaşmanı üstün tuturam, çünki İrana zərər vermək istəmirəm. Onlar gözəl insanlardır, mən çoxlu iranlı tanıyıram”.

O əlavə edib ki, danışıqlar yolu ilə elə razılaşma əldə edilə bilər ki, bu, hərbi yolla qazanılan qələbə qədər effektiv olsun. Lakin Tramp, bütün siyasətçilərin bu mövqeyi bölüşdüyünə əmin olmadığını da vurğulayıb.

“Zaman keçir, qərar vermək lazımdır. Bir şey ya bu, ya da digər şəkildə baş verəcək” deyə Tramp bildirib. 

Xatırladaq ki, 2018-ci ildə Tramp ABŞ-nin İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasını elan edib. Bu beynəlxalq sazişin məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq idi. 

ABŞ-nin bu addımı İranla Qərb arasındakı gərginliyi artırmış və yeni danışıqların aparılmasını çətinləşdirmişdi. Trampın son açıqlamaları isə Vaşinqtonun Tehranla münasibətləri yenidən müzakirəyə çıxarmaq niyyətində olduğunu göstərir. 

Qiymət Mahir

tag: ABŞ,İran,Nüvə,Danışıq,Todaypress.az,