Tramp: “Qrenlandiyanın gələcəyinə milyardlarla dollar yatırmağa hazırıq”
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyada yeni iş yerlərinin yaradılmasına və adanın rifahına milyardlarla dollar investisiya qoymağa hazır olduğunu bəyan edib.
TodayPress xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.
“Mən Konqresin birgə iclasında çıxış edərkən açıq şəkildə bildirdim ki, ABŞ Qrenlandiya xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu qətiyyətlə dəstəkləyir. İkinci Dünya Müharibəsindən bəri olduğu kimi sizi qorumağa davam edəcəyik.
Milyardlarla dollar investisiya qoymağa, yeni iş yerləri yaratmağa və sizi zəngin etməyə hazırıq. Əgər qərar versəniz, sizi dünyanın ən möhtəşəm ölkəsinin – Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik!” deyə Tramp bildirib. ABŞ lideri əvvəllər də Qrenlandiyanın ABŞ-yə qoşulmalı olduğunu dəfələrlə bəyan edib. O, hətta Danimarkanın adadan imtina etməyəcəyi təqdirdə ticarət rüsumlarını artırmaqla hədələyib.
Tramp hətta birinci prezidentlik dönəmində Qrenlandiyanı almaq təklifi irəli sürmüşdü, lakin Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd etmişdi. Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtariyyət statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi haqqında müqavilə imzalayıb. Bu razılaşmaya əsasən, ABŞ adanı xarici təhdidlərdən qorumağı öhdəsinə götürüb.
Hazırda adada ABŞ-nin Pituffik hərbi bazası yerləşir. Bu baza raket hücumlarından erkən xəbərdarlıq və Arktikanın nəzarətdə saxlanılması məqsədilə fəaliyyət göstərir.
Qiymət Mahir
tag: Tramp,Qrenlandiya,ABŞ,Danimarka,Todaypress.az,