Tramp trilyonluq sərmayə cəlb edəcəyinə inanır
ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb etməyə yönəlmiş siyasətini davam etdirəcəyini bəyan edib.
TodayPress xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
“ABŞ-yə gələn və böyük vəsait yatıran investorlar üçün deyirəm: mənim kursum heç vaxt dəyişməyəcək. İndi varlanmaq, hətta heç vaxt olmadığı qədər varlı olmaq üçün əla zamandır” deyə Tramp bildirib.
ABŞ prezidenti aprelin 3-də verdiyi açıqlamada Vaşinqtonun yeni gömrük rüsumları tətbiq etməsinin nəticəsində ölkə iqtisadiyyatına 6–7 trilyon dollar həcmində sərmayə axınının mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp aprelin 2-də ABŞ-a məhsul ixrac edən 185 ölkə və əraziyə qarşı yeni gömrük rüsumları tətbiq olunacağını açıqlayıb. Yeni sistemə əsasən, xarici məhsullar üçün minimal rüsum dərəcəsi 10% olacaq. Bəzi ölkələr üçün isə fərdi tariflər müəyyənləşdirilib.
Bundan əlavə, aprelin 3-dən etibarən ABŞ-yə idxal olunan bütün avtomobillərə 25%-lik tarif qüvvəyə minib. Tramp vurğulayıb ki, istehsal güclərini ABŞ ərazisinə köçürən şirkətlərin məhsullarına rüsum tətbiq edilməyəcək.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Trilyon,Dollar,Sərmaye,Todaypress.az,