Türkiyə Türkmənistanla qaz müqaviləsini uzatmağa çalışır
“Türkiyə Türkmənistanla təbii qaz tədarükü müqaviləsinin 5 il müddətinə uzadılmasına dair razılaşmanı müzakirə edir və danışıqların 1 il ərzində yekunlaşacağı gözlənilir”.
TodayPress xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
"Bizim uzunmüddətli svop müqaviləsi hədəfimiz var. Bu il ərzində 5 illik svop müqaviləsini uzadacaq bir proqram üzərində işləyəcəyik" deyə Bayraktar qeyd edib.
O əlavə edib ki, rəsmi Ankaranın son məqsədi Türkmənistan qazını Xəzər dənizindən keçən boru kəməri ilə Türkiyəyə nəql etməkdir.
Xatırladaq ki, fevral ayının əvvəlində iki ölkə türkmən təbii qazının Türkiyəyə tədarükü ilə bağlı müqavilə imzalayıb. Türkiyə dövlətinə məxsus boru kəməri operatoru “BOTAŞ” ilə Türkmənistanın “Türkmənqaz” şirkəti arasında imzalanan saziş İran üzərindən 1,3 milyard kubmetr qaz axını ilə martın 1-də başlayacaq.
Aysel Mətləb
tag: Türkiyə , Türkmənistan,Alparslan Bayraktar,Qaz,Müqavilə,todaypress.az,