Türkiyənin müdafiə naziri azərbaycanlı rəssamın sərgisinə qatıldı
Türkiyənin
milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti Çanaqqala
Dəniz Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin
professoru, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin baş rəssamı Rafiq Əzizin fərdi
sərgisini ziyarət edib.
TodayPress xəbər verir ki, nazir Gülərlə bərabər Türkiyənin Baş Qərargah
rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcümənt
Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava
Qüvvələri komandanı general Ziya Camal Kadıoğlunun da daxil olduğu heyət
Çanaqqalada Barbaros Şəhidliyini ziyarət edib.
Daha sonra nazir
Gülər və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələrinin komandanları Çanaqqala
Dəniz Muzeyinə gələrək azərbaycanlı rəssamın sərgisi ilə yaxından tanış
olublar.
Sərgi Çanaqqala
Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri
Komandanlığı və Çanaqqala Dəniz Muzeyinin birgə təşəbbüsü ilə açılıb. Burada
Rafiq Əzizin Türkiyənin Hərbi Dəniz Qüvvələrinin İstanbul, Çanaqqala, Mersin,
Hatay-İskenderun Dəniz muzeylərində, o cümlədən 15 il bundan əvvəl Çanaqqalanın
tarixi Gelibolu rayonunda açılmış Piri Rəis muzeyində sərgilənən, eləcə də
Türkiyənin Milli Müdafiə Nazirliyinin kolleksiyasında yer alan yağlı boya ilə
çəkilmiş 37 əsəri nümayiş olunur.
Əsərlər arasında
1081-ci ildən günümüzə qədər Türkiyənin şanlı Dəniz Qüvvələrinin, eləcə də Çaka
bəydən Oruc Barbaros və ya Oruc rəis kimi tanınan əfsanəvi komandanların, dünya
dəniz xəritəsini hazırlayan ilk türk admiral Piri Rəisin, eləcə də məşhur türk
admirallarının portretləri və onların iştirak etdikləri dəniz müharibələrinin
təsvir olunduğu tablolar yer alıb. Sərgidə Rafiq Əzizin Mustafa Kamal Atatürkə
həsr olunan əsərləri də nümayiş etdirilir.
Aprelin 25-dək
davam edəcək sərginin açılışında Türkiyənin Hərbi Dəniz Qüvvələri
Komandanlığının Amfibiya Korpusunun komandanı, vitse-admiral Serhat Sözbir,
Çanaqqala Boğazı və Qarnizon komandanı, kontr-admiral Mustafa Biçen, Çanaqqala
Dəniz Muzeyinin komandanı, 1-ci dərəcəli kapitan Serhan Aras iştirak ediblər.
tag: Türkiyə, Yaşar Gülər, Müdafiə Naziri, Çanaqqala, Rəssam, Sərgi, Azərbaycan, todaypress.az,