Ukrayna 580 milyon dollarlıq yardım alacaq
Böyük Britaniya və Norveç Ukraynaya hərbi dəstəyin bir hissəsi olaraq yüz minlərlə pilotsuz uçuş aparatının (PUA) çatdırılmasını maliyyələşdirməyə razılaşıb.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi və “Bloomberg” agentliyi məlumat yayıb.
Bəyanatın aprelin 11-də Brüsseldə Böyük Britaniya və Almaniyanın sədrliyi ilə keçiriləcək Ukraynanın tərəfdaş ölkələrinin görüşündə açıqlanacağı gözlənilir.
Yeni dəstək paketi 580 milyon dollar (450 milyon funt sterlinq) həcmindədir və mövcud maliyyə fondları hesabına həyata keçiriləcək.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu vəsait Ukraynaya birinci şəxs baxışlı (FPV) döyüş dronlarının operativ şəkildə çatdırılmasını təmin edəcək.
Eyni zamanda, paket çərçivəsində Ukrayna hərbçilərinə məxsus texnikanın və avadanlıqların təmiri və texniki xidməti, radar sistemləri və əleyhtank minaları üçün də maliyyə ayrılacaq.
Göndəriləcək dronların bir hissəsi Britaniya, digər hissəsi isə Ukrayna istehsalı olacaq.
Müdafiə Nazirliyi bu təchizatın birbaşa cəbhə xəttinə çatdırılacağını təsdiqləyib.
Qiymət Mahir
tag: Ukrayna,Britaniya,Norveç,Yardım,Todaypress.az,