Ukrayna Baş naziri Kallasla görüşdü
Ukraynanın Baş naziri Denis Şmıqal Lvov şəhərində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasla görüş keçirib. Görüş zamanı Rusiyaya qarşı yeni sanksiyalar, müdafiə yardımı və Ukraynanın Aİ ilə əməkdaşlığı müzakirə olunub.
TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Şmıqal bildirib ki, danışıqlarda cəbhədəki vəziyyət, Ukraynanın müdafiə ehtiyacları və ölkənin müdafiə sənayesinə 1 milyard avroluq yardım təşəbbüsü ön plana çıxıb. O, bu təşəbbüsə və 2024-cü ildə Aİ-nin əlavə dəstək vədlərinə görə təşəkkür edib.
Baş nazir həmçinin Aİ ilə müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan yeni "SAFE" alətinin yaxın vaxtlarda təsdiqlənəcəyinə ümid etdiyini bildirib. Bu mexanizm Ukrayna istehsalçılarına dəstək və Aİ bazarına çıxış imkanları yaradacaq.
Görüşdə tərəflər Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin tezliklə qəbul ediləcəyinə ümid etdiklərini də ifadə ediblər. Xüsusilə, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və bu vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsi məsələsi vurğulanıb.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Aİ,SAFE,todaypress.az,