Ukrayna Rusiyanın raket zərbəsinə münasibət bildirdi
Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərinə endirilən raket zərbəsi nəticəsində azı 18 nəfər həlak olub, onlarla insan yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.
Həlak olanlardan 9-nun uşaq olduğu bildirilir. Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə paylaşım edərək bildirib ki, raket yaşayış məntəqəsini vurub və azı beş bina zərər görüb.
Prezidentin sözlərinə görə, bu hücumun davam etməsinin yeganə səbəbi Rusiyanın atəşkəs istəməməsidir.
Şəhər müdafiəsinin rəhbəri Oleksandr Vilkul zərbənin balistik raketlə həyata keçirildiyini, raketin havada partlayaraq daha çox insanı yaralamağı hədəflədiyini deyib: “Uşaqlar oyun meydançasında və ya onun yaxınlığında həlak oldular”.
Dnepropetrovsk vilayətinin rəhbəri Serhii Lısak əlavə edib ki, 40-dan çox yaralı var, ən kiçiyi cəmi üç aylıqdır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi zərbənin “Qərb təlimatçıları və bölmə komandirlərinin görüş keçirdiyi restorana yüksək dəqiqlikli raketlə” endirildiyini iddia edib.
Nazirlik 85 nəfərin öldüyünü iddia etsə də, bu barədə sübut təqdim olunmayıb.
Ukrayna ordusu bu iddianı “çirkin cinayəti ört-basdır etməyə yönəlmiş saxta məlumat” adlandırıb və Rusiya tərəfindən “maksimal insan itkisi” məqsədilə kaset başlıqlı “İskəndər-M” tipli raketdən istifadə olunduğunu bildirib.
Məlumata görə, aprelin 4-də, axşam saatlarında baş verən bu hücum, 2022-ci ildən bəri şəhərə edilən ən ölümcül raket zərbələrindən biri olub.
Günün sonuna doğru şəhərdə daha çox partlayış qeydə alınıb, dron hücumları nəticəsində dörd fərqli ərazidə yanğınlar baş verib.
Vilkulun sözlərinə görə, dron zərbəsində bir yaşlı qadın öz evində yanaraq həlak olub, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Raket,Zərbə,Todaypress.az,