Ukraynadakı atəşkəsin təfərrüatları açıqlandı

Dünya

19.03.2025 09:41

2788

Rusiya və Ukraynaya təklif edilən atəşkəs sazişi bütün kritik infrastruktur obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulmasını nəzərdə tutur. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib. 

Onun sözlərinə görə, bu məhdudiyyətlər təkcə enerji obyektlərinə deyil, ümumilikdə infrastrukturun digər hissələrinə də şamil edilir.   

Saziş çərçivəsində 30 günlük atəşkəs planlaşdırılır və bu müddət ərzində raket və dron hücumlarının, eləcə də cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması nəzərdə tutulur. 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əgər atəşkəsə əməl olunarsa, Kiyev uzunmüddətli sülh sənədlərinin hazırlanmasına başlayacaq.

Rusiya prezidenti Vladimir Putin isə vurğulayıb ki, hərbi əməliyyatların dayandırılması böhranın əsas səbəblərinin aradan qaldırılması ilə nəticələnməlidir. 

Qeyd edək ki, G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanı atəşkəslə razılaşmadığı təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyiblər.

tag: Ukrayna,Rusiya,Sülh,ABŞ,Todaypress.az,