Ukraynalıların ABŞ-yə etimadı kəskin azaldı – Yeni sorğu nəyi göstərir?
ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtonda görüşməsindən sonra ukraynalıların Birləşmiş Ştatlara etimadı kəskin şəkildə azalıb. Bunun əvəzində Avropa ölkələri Ukraynanın ən etibarlı tərəfdaşları kimi qiymətləndirilir.
TodayPress xəbər verir ki, bu barədə “Gradus Research” tədqiqat şirkətinin qurucusu və sosioloq Yevgeniya Bliznyuk “RBK-Ukrayna”ya müsahibəsində deyib.
Bildirilib ki, müharibənin əvvəlindən ABŞ ukraynalılar tərəfindən Böyük Britaniya ilə yanaşı, Rusiyaya qarşı mübarizədə əsas tərəfdaşlardan biri kimi qəbul olunurdu.
Vaşinqtonun hərbi yardımı, sanksiyaları və müxtəlif formalarda dəstəyi respondentlər tərəfindən mühüm faktor kimi qiymətləndirilirdi. Lakin ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra aparılan sorğu göstərib ki, ukraynalılar arasında ABŞ-yə etimad sürətlə azalıb.
Belə ki, respondentlərin 70%-i Birləşmiş Ştatlara münasibətlərinin mənfi istiqamətdə dəyişdiyini bildirib. Hazırda ABŞ Ukraynanın əsas tərəfdaşları siyahısından çıxaraq ikinci dərəcəli mövqeyə düşüb və Çinlə Hindistan arasında qərarlaşıb.
Bundan əlavə, ABŞ ən qeyri-dost ölkələrdən biri kimi qiymətləndirilir, yalnız Rusiya ondan daha neqativ reytinqə malikdir. Araşdırmaya görə, ABŞ-yə münasibətin dəyişdiyi vaxtda ukraynalıların Avropa ölkələrinə inamı artmaqdadır. Ən dost ölkələr siyahısında Böyük Britaniya (59%), Baltikyanı ölkələr (54%), Fransa (54%), Polşa (51%) və Almaniya (50%) yüksək yerlərdə qərarlaşıb.
Bu tendensiya dövlətlərin Ukraynaya davamlı hərbi və humanitar yardımlar göstərməsi, eləcə də aktiv siyasi dəstəyi ilə izah olunur. Kanada da Ukraynalılar arasında dost ölkə imicini qoruyub saxlayır.
Maraqlı məqamlardan biri də ABŞ-nin imicinə münasibətdə bölgələr və yaş qrupları arasındakı fərqlərdir. Belə ki, ABŞ-yə ən çox tənqidi yanaşanlar gənclər (18-24 yaş) və qadınlardır. Yevgeniya Bliznyukun sözlərinə görə, bu qrup insanlar media və sosial şəbəkələrdən aktiv istifadə etdikləri üçün xəbərlərin təsirinə daha həssasdırlar.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Sorğu,Etimad,Todaypress.az,