Ukraynaya 1 milyard avroluq yardım köçürüldü
Avropa Komissiyası (AK) Ukraynaya növbəti 1 milyard avroluq makromaliyyə yardımı tranşını köçürüb.
TodayPress xəbər verir ki, bu barədə AK bəyanat yayıb.
Bildirilib ki, 18,1 milyard avro dəyərində olan mövcud proqram Avropa İttifaqının G7 ölkələr qrupunun kredit proqramındakı payıdır və bu proqramın məqsədi Ukraynaya ümumilikdə 45 milyard avro məbləğində yardım göstərməkdir.
AK-nin bəyanatına görə, Kiyevə verilən kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək.
Ümumilikdə, Aİ ilin əvvəlindən bu proqram çərçivəsində dörd milyard avro ayırıb. Vəsaitlər digər kreditlərə xidmət göstərmək və büdcəni doldurmaq üçün istifadə olunacaq.
Töhfə Səməd
tag: Ukrayna,Avropa Komissiyası,Yardım,Milyard,Avro,Köçürmə,Todaypress.az,