USAİD-in ləğvi müvəqqəti dayandırıldı
Merilend ştatının federal hakimi Teodor Çuanq, sahibkar İlon Maskın nəzarətində olan ABŞ Hökumətinin Effektivliyi Ofisinin (DOGE) ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etməyə davam etməsini müvəqqəti olaraq bloklayıb.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" (WP) əldə etdiyi məhkəmə qərarına istinadən məlumat yayıb.
Bildirilib ki, məhkəmə DOGE-yə təhlükəli bölgələrdə çalışanlar da daxil olmaqla minlərlə USAİD əməkdaşının elektron poçt və sistemlərə çıxışını bərpa etməyi tapşırıb, həmçinin agentliyin rəhbərliyinin icazəsi olmadan onların şəxsi məlumatlarının açıqlanmasını qadağan edib.
Məhkəmə Maskın hərəkətlərinin hakimiyyət bölgüsü prinsipini pozduğuna qərar verib. Çünki yalnız ABŞ Konqresi USAİD-i ləğv edə bilər.
Qərar, Maskın Senatın təsdiqini tələb edən səlahiyyətləri qanunsuz olaraq ələ keçirdiyini iddia edən 20-dən çox agentlik əməkdaşının adından Dövlət Demokratiya Müdafiəçiləri Fondu tərəfindən qaldırılan məhkəmə iddiasında verilib.
Nəşrin məlumatına görə, fevral ayına qədər USAID-in 4,765 əməkdaşının təxminən 90%-i inzibati məzuniyyətə buraxılıb və təşkilatın Ronald Reyqan binasındakı qərargahı bağlanıb. Hakim iddiaçıların qalib gələcəyi təqdirdə binanın agentliyə qaytarılması barədə qərar verib.
Qəzet yazır ki, Ağ Ev Çuanqı "işə yaramaz hakim" adlandırıb və qərardan apellyasiya şikayəti verəcəyini vəd edib.
Töhfə Səməd
tag: USAİABŞ,Ləğv,DOGE,Tramp,Todaypress.az,