USAID işçilərini ixtisara salmaq planı bloklandı
ABŞ-nin federal məhkəməsi Donald Tramp administrasiyasının ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2200 əməkdaşını inzibati məzuniyyətə göndərmək qərarını müvəqqəti olaraq bloklayıb.
TodayPress xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, məhkəmə hələlik işçilərin hüquqlarını müdafiə edən həmkarlar ittifaqlarının tərəfini saxlayıb.
Kolumbiya dairəsinin federal hakimi Karl Nikols fevralın 7-də verdiyi qərarda USAID işçilərinin inzibati məzuniyyətə göndərilməsini dayandırıb.
Hakim həmçinin artıq məzuniyyətə göndərilmiş 500 USAID əməkdaşını vəzifəsinə bərpa edib və xaricdə işləyən USAID əməkdaşlarının dərhal ABŞ-ə qayıtmasını tələb edən Ağ Ev göstərişinin icrasının dayandırılmasını əmr edib.
Nikolsun qərarına əsasən, həm inzibati məzuniyyət, həm də sürətləndirilmiş evakuasiya prosesi fevralın 14-nə qədər dayandırılıb.
“Bütün USAID əməkdaşları bu tarixə qədər işlərinə bərpa olunacaq, onlara e-poçt, ödəniş sistemləri və təhlükəsizlik xəbərdarlıq sistemlərinə tam çıxış veriləcək. Bu müddət ərzində yeni işçilər məzuniyyətə göndərilməyəcək” deyə hakim bildirib.
Məsələ ilə bağlı məhkəmə dinləməsi fevralın 12-nə təyin edilib.
Qiymət Mahir
tag: Dünya,USAID,ABŞ,Məhkəmə,todaypress.az,