Vaşinqton İraqa təzyiqi artırır: Kürd neftinin ixracı bərpa olunacaq?
ABŞ prezidenti Donald Trampın administrasiyası İraq hökumətinə təzyiqləri artıraraq, Kürdüstan bölgəsindən neft ixracının bərpasını tələb edir.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Bildirilir ki, Vaşinqtonun tələbi yerinə yetirilməsə, İraqa qarşı sanksiyalar tətbiq edilə bilər.
Buna baxmayaraq, İraqın Baş nazirinin müşaviri ABŞ administrasiyasından hökumətə qarşı sanksiya və ya təzyiq təhdidlərinin edildiyini inkar edib.
Vaşinqton hesab edir ki, Kürdüstan bölgəsindən ixracın tezliklə bərpası İran neftinin tədarükündəki mümkün azalmaları kompensasiya edə bilər. Tramp administrasiyası İranın neft ixracını tamamilə dayandırmaq məqsədilə Tehrana qarşı “maksimum təzyiq” kampaniyası çərçivəsində hərəkət edir.
Məlumatlara görə, ABŞ İraqdan Kürd neftinin Türkiyə vasitəsilə ixracının bərpasını və onun İran bazarına satılmasının qarşısının alınmasını tələb edir.
“Vaşinqton Bəsrədə hasil olunan Kürd neftinin dünya bazarlarına Türkiyə vasitəsilə çıxarılmasını istəyir, çünki İranın nefti ucuz qiymətə almasına qarşıdır” deyə bir İraq rəsmisi nəşrə açıqlamasında bildirib.
Digər tərəfdən, Türkiyənin enerji naziri Alparslan Bayraktar İraqdan neft tədarükünün bərpası ilə bağlı rəsmi bildiriş almadıqlarını açıqlayıb.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Kürdüstan ,Neft,todaypress.az,