Vaşinqton və Brüssel arasındakı fikir ayrılıqları dərinləşdi

Dünya

25.03.2025 11:36

1699

“ABŞ-nin vasitəçiliyi ilə aparılan son Rusiya-Ukrayna sülh danışıqları Vaşinqton və Brüssel arasında böyüyən fikir ayrılıqlarını daha da kəskinləşdirib və transatlantik münasibətləri tarixi minimuma endirib”. 

TodayPress xəbər verir ki, bunu Çinin “Xinhua” agentliyinə müsahibəsində italiyalı geosiyasət analitiki Sergio Fabbrini deyib.

Siyasətçi açıqlamasında Avropanın bu danışıqlardan kənarda qalmasının Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsinin həllində azalan təsirini göstərdiyini bildirib.

O, bu zəifliyin əsas səbəblərindən birinin Aİ-nin xarici siyasət sahəsində vahid koordinasiya aparmaqda çətinlik çəkməsi olduğunu vurğulayıb.

“Bu hadisə Avropa İttifaqının struktur zəifliyini ortaya qoyur. Bütün üzvlər adından danışan mərkəzi bir qurum olmadığından, xüsusilə ABŞ təkbaşına hərəkət etməyə qərar verdikdə Aİ qlobal səhnədə özünü ifadə etməkdə çətinlik çəkir”

Analitikə görə, bu institusional parçalanma ABŞ prezidenti Donald Tramp administrasiyasının Aİ-yə skeptik yanaşması ilə üst-üstə düşür. Tramp dəfələrlə Avropa İttifaqını “Amerikanın maraqlarını baltalamaq üçün yaradılmış bir qurum” adlandırıb və onun qlobal təhlükəsizliyə töhfə verdiyini qəbul etməyib.

Fabbrini həmçinin vurğulayıb ki, Vaşinqton və Brüssel Ukrayna böhranını fərqli prizmadan görürlər:

“Avropa üçün bu, qapısında baş verən mövcudluq təhlükəsidir. ABŞ üçün isə bu, böyük güclərin iştirak etdiyi geosiyasi bir məsələdir.”

O, transatlantik münasibətlərdə mövcud gərginliyin tarixdə ən ciddi böhranlardan biri olduğunu bildirərək, Avropanı daha müstəqil diplomatik imkanlar yaratmağa çağırıb.

“Coğrafi reallıq Avropanın öz təhlükəsizlik sisteminə daha çox məsuliyyətlə yanaşmasını tələb edir. Lakin bunu edərkən milli maraqlarla ümumi Avropa sabitliyi arasında tarazlığı qorumaq lazımdır” Fabbrini qeyd edib.

Qiymət Mahir

tag: ABŞ,Avropa İttifaqı,Rəqabət,Ukrayna,Rusiya,Todaypress.az,