“Volkswagen” və “FAW” Çin üçün yeni modellər hazırlayır

Dünya

17.03.2025 17:10

1024

Alman avtomobil istehsalçısı “Volkswagen” və onun Çindəki tərəfdaşı “FAW Group” yerli bazar üçün 11 yeni avtomobil modeli təqdim edəcəklər. 

TodayPress xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında bildirilib.

Strateji əməkdaşlıq çərçivəsində Çin bazarına altı tam elektrik avtomobili (BEV), iki qoşulan hibrid (PHEV), iki genişləndirilmiş yürüş məsafəsinə malik elektrik avtomobili (EREV, generatorla təchiz olunmuş) və bir daxili yanma mühərrikli avtomobil çıxarılacaq.

Bundan əlavə, “Jetta” brendi gələn il öz ilk tam elektrik avtomobilini (BEV) təqdim edəcək. Yeni modellər rəqəmsal xidmətlər və avtonom idarəetmə texnologiyaları ilə təchiz ediləcək.

“Volkswagen”in Çin üzrə rəhbəri Ralf Brandstetter bildirib ki, məhz bu bazar üçün hazırlanmış texnoloji platforma müştərilərin yeni tələblərinə daha sürətli və effektiv uyğunlaşmağa imkan verəcək. Alman nəhəngi 2030-cu ilə qədər Çində illik 4 milyon avtomobil satmağı hədəfləyir. 2025–2027-ci illərdə isə 40 yeni modelin buraxılması planlaşdırılır, onların yarıdan çoxu elektrik avtomobilləri olacaq.

Ötən il “Volkswagen”in Çin bazarındakı satışları yerli brendlərlə güclü rəqabət fonunda 9,5% azalmışdı. Qeyd edək ki, martın 17-də ticarət sessiyalarında “Volkswagen” səhmləri 2,2% bahalaşıb. 

Qiymət Mahir

tag: Volkswagen,Şirkət,Avtomobil,İstehsal,Todaypress.az,