Vuçiç: ABŞ NIS-ə qarşı sanksiyaları təxirə saldı
Serbiya prezidenti Aleksandar Vuçiç Serbiyanın Neft Sənayesi (NIS) şirkətinə qarşı ABŞ-dən gözlənilən sanksiyaların 30 gün müddətinə təxirə salındığını açıqlayıb.
TodayPress xəbər verir ki, Vuçiç, bu barədə öz "Instagram" hesabında məlumat yayıb.
"Bizim NIS üçün əlavə 30 gün vaxtımız var. Bu, Serbiya vətəndaşları üçün şad xəbərdir" deyə o, bildirib.
Serbiya lideri sənədin bir hissəsini sosial mediada dərc edib. Belə ki, məhdudiyyətlərin tətbiqi martın 28-dək təxirə salınacaq.
Qeyd edək ki, yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi “Qazprom Neft”i, onun baş direktoru Aleksandr Dyukovu və NIS də daxil olmaqla 20-dən çox törəmə müəssisəsini sanksiyalar siyahısına əlavə edib. Serbiyanın Neft Sənayesi Cənub-Şərqi Avropada ən böyük şaquli inteqrasiya edilmiş enerji sistemlərindən biridir. Bu sahə neft və qazın kəşfiyyatı və hasilatı, neft məhsullarının marketinqi, elektrik enerjisinin istehsalı və ticarəti, neft-kimya sahəsində layihələrin həyata keçirilməsi ilə məşğuldur. Əsas istehsal müəssisələri Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya və Macarıstanda yerləşir. Əsas səhmdarlar Qazprom Neft (səhmlərin 44,85%-i), Qazprom (11,3%) və Serbiyadır (29,87%).
Töhfə Səməd
tag: Serbiya ,Aleksandar Vuçiç,NIS,Maliyyə Nazirliyi,todaypress.az,