Vyanada qədim kütləvi məzarlıq aşkarlandı

Dünya

04.04.2025 12:50

1630

Avstriyanın paytaxtı Vyanada aparılan tikinti işləri zamanı Roma imperiyası dövrünə aid kütləvi məzarlıq aşkarlanıb. Qalıqların I əsrdə baş vermiş döyüşdə həlak olmuş Roma əsgərlərinə məxsus olduğu ehtimal edilir.

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Arxeoloqlar bildiriblər ki, Zimering rayonunda futbol meydançasının yenidənqurulması zamanı 129 nəfərə məxsus sümüklər aşkarlanıb.

Tədqiqatçılar hesab edirlər ki, ümumi itki sayı 150 nəfəri keçə bilər.

Belə miqyasda kütləvi dəfn Mərkəzi Avropada indiyə qədər qeydə alınmayıb.

Vyana Muzeyinin ekspertləri aşkar edilən qalıqları “hərbi kontekstdə baş vermiş fəlakətli hadisə” ilə əlaqələndirir və bunu regionda indiyə qədər məlum olan ilk silahlı toqquşmalardan biri kimi qiymətləndirirlər.

Araşdırmalara görə, dəfn olunanların hamısı kişi olub. Əsasən 20–30 yaş arası olan bu şəxslər sağlam diş quruluşuna sahib olublar.

Bütün skeletlərdə xüsusilə baş, sinə və çanaq sümüklərində zərbələr və travma izləri aşkarlanıb.

Bu, onların döyüşdə və ya hücum zamanı öldürüldüyünü göstərir.

Roma ordusunda III əsrə qədər əsgərlərin cənazələri adətən yandırılırdı, lakin bu məzarlıqda tələsik və nizamsız dəfn izləri müşahidə olunub.

Bu da döyüş sonrası çoxsaylı itkilərlə üzləşən bir vəziyyəti təsdiqləyir.

Tapıntının dəqiq tarixi karbon analizi ilə müəyyən olunub – e.ə. 80-ci ildən 130-cu ilədək olan dövr.

Ən mühüm dəlillərdən biri isə torpaqdan çıxarılan paslı qılınc olub. Onun istifadə dövrü I əsrin ortalarından II əsrin əvvəlinə qədər uzanır. 

Qiymət Mahir

tag: Vyana,Kütləvi,Məzarlıq,Roma,Todaypress.az,