Yəmən husilərə qarşı dəstəyi artırmağa çağırdı
Yəmənin "Prezident Liderlik Şurasının" (PLC) vitse-prezidenti Tariq Saleh beynəlxalq ictimaiyyəti husilər tərəfindən törədilən təhlükələrin qarşısını almaq üçün hökumətə dəstəyi artırmağa çağırıb.
TodayPress xəbər verir ki, Saleh bu fikirləri ABŞ-nin Yəməndəki səfiri Stiven Feginlə keçirdiyi videokonfrans görüşü zamanı səsləndirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən ABŞ-nin husiləri zəiflətmək və onların naviqasiya təhlükələrini neytrallaşdırmaq məqsədilə apardığı hərbi kampaniyanı müzakirə ediblər.
Tariq Saleh bəyan edib ki, Yəmən hələ də İran İnqilab Keşikçiləri Korpusunun fəaliyyət platforması olaraq qalır və bu təhdidin beynəlxalq ictimaiyyət tərəfindən qavranmasının konkret dəstəyə çevrilməsinin vacibliyini vurğulayıb. “İranda dəstəklənən husilər tərəfindən yaradılan təhdidlərin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin legitim Yəmən hökumətinə güclü dəstəyi zəruridir” deyə Saleh bildirib.
ABŞ səfiri Fegin isə öz növbəsində Ağ Evin Yəməndəki "Prezident Liderlik Şurası"na dəstəyini bir daha təsdiqləyib. O qeyd edib ki, ABŞ husilərin hərbi potensialını zəiflətmək istiqamətində səylərini davam etdirəcək.
Diplomat həmçinin Yəməndəki təhlükəsizlik və humanitar çağırışlara qarşı birgə mövqenin vacibliyini vurğulayıb.
Qeyd edək ki, keçmiş prezident Əli Abdullah Salehin qardaşı oğlu olan Tariq Saleh hazırda “Respublika Qvardiyası” kimi tanınan "Elit Milli Müqavimət Qüvvələri"nə rəhbərlik edir. Bu qüvvələr Qırmızı dəniz sahilində, strateji əhəmiyyətli Hodeyda liman şəhəri yaxınlığında yerləşir.
Husilər 2014-cü ildən bəri beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti ilə münaqişə vəziyyətindədir və hazırda paytaxt Səna da daxil olmaqla ölkənin şimal hissəsinə nəzarət edirlər. Qəzzada atəşkəsin pozulmasından sonra mart ayında husilər İsrailə bağlı hədəflərə hücumları bərpa ediblər.
Onlar bu hücumların məqsədinin İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmaq və Fələstin ərazilərinə humanitar yardımların qarşısını açmaq olduğunu iddia edirlər.
Töhfə Səməd
tag: Yəmən,Tariq Saleh,Husi,ABŞ,todaypress.az,