Yeni araşdırma əvvəlki proqnozları alt-üst etdi: “İnsanlar kasıblaşacaq…”
Qlobal istiləşmə nəticəsində orta insan 40% daha kasıb olacaq. Bu isə əvvəlki bəzi qiymətləndirmələrdən dörd dəfə artıq zərər deməkdir.
TodayPress xəbər verir ki, bu qənaətə Avstraliya alimləri gəlib və nəticələr “Environmental Research Letters” elmi jurnalında dərc olunub.
Tədqiqatda göstərilir ki, qlobal temperaturun 4°C artması bəşəriyyətin rifah səviyyəsini ciddi şəkildə azaldacaq.
Hətta 2°C-lik istiləşmə belə, adambaşına düşən ÜDM-in dünya üzrə orta hesabla 16% azalmasına səbəb olacaq. Bu isə əvvəlki hesablamalarla müqayisədə (1,4%) kəskin fərq təşkil edir.
Araşdırmaçılar iqlim dəyişikliyinin real təsirlərini daha dəqiq əks etdirmək üçün ən populyar iqtisadi modellərdən birinə ekstremal hava hadisələrinin qlobal təchizat zəncirlərinə təsiri ilə bağlı proqnozları əlavə ediblər.
Alimlərin yeni ssenarisinə əsasən, ölkələr qısa və uzunmüddətli iqlim hədəflərinə çatsalar belə, dünya temperaturu 2,1°C-yə qədər yüksələcək.
Son illərdə iqtisadi-siyasi mühitdə inteqrə qiymətləndirmə modelləri (IAM) adlanan metodlara qarşı tənqidlər artmaqdadır. Bu modellər iqlim dəyişikliyinin iqtisadi dəyərini hesablamaq üçün istifadə olunur.
Lakin mütəxəssislər bildirirlər ki, bu yanaşma ekstremal hava hadisələri kimi əsas riskləri nəzərə almır və beləliklə, istilik artımının real iqtisadi fəsadlarını xeyli dərəcədə kiçildir.
Qiymət Mahir
tag: Araşdırma,İnsanlar,Kasıblışma,İqtisadiyyat,Todaypress.az,