Yeni tribunal Putini qiyabi mühakimə edə bilməyəcək

Dünya

11.04.2025 12:43

11

Qərb dövlətlərinin Ukraynaya qarşı təcavüz aktına görə məsuliyyət daşıyan şəxslərin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin mühakiməsi üçün yaratmağı planlaşdırdığı xüsusi tribunal onun hazırkı vəzifədə olduğu dövrdə qiyabi araşdırma başlata bilməyəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Euronews” iki Avropa rəsmisinə istinadla məlumat yayıb.

Planlaşdırılan tribunalın Haaqada yaradılması nəzərdə tutulur.

Lakin beynəlxalq hüquq baxımından dövlət başçısı statusunda olan şəxsin toxunulmazlığı Vladimir Putinin yalnız şəxsi iştirakı ilə mühakimə oluna biləcəyini şərtləndirir.

Bu hüquqi məhdudiyyətlər Rusiya Baş naziri Mixail Mişustinə və xarici işlər naziri Sergey Lavrova da şamil olunur.

Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq cinayət kimi tanımaması və Qərb strukturları ilə əməkdaşlıqdan imtina etməsi, yüksək vəzifəli şəxslərin ekstradisiyasını faktiki olaraq mümkünsüz edir.

Bu hüquqi yanaşmalar Avropa Şurası nəzdində yaradılacaq tribunalın əsasını təşkil edəcək beynəlxalq razılaşmanın layihəsində əksini tapıb.

Sənədin texniki hazırlığı mart ayının sonunda Strasburqda “Əsas qrup” adlanan təşəbbüsçü dövlətlərin toplantısında tamamlanıb. Hazırda üç əsas sənəd hazırlanıb:

Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli saziş, tribunalın nizamnaməsi və idarəetmə mexanizmini tənzimləyən razılaşma.

Bu sənədlərin mayın 9-da Kiyevdə imzalanması planlaşdırılır. Lakin mənbələr bu tarixdə dəyişiklik ehtimalını istisna etmir. 

Qiymət Mahir

tag: ABŞ,Qərb,Putin,Tribunal,Todaypress.az,