Ynet: İsrail və HƏMAS atəşkəs haqqında razılığa gəlməyiblər

Dünya

09.03.2025 09:45

2355

İsrail və Fələstinin HƏMAS hərəkatı müsəlmanların müqəddəs ayı Ramazanda Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı razılığa gələ bilməyib. 

TodayPress xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ərəb mediasının iddialarının əksinə olaraq, İsrail və HƏMAS arasında Ramazan ayı üçün müvəqqəti atəşkəs haqqında razılıq yoxdur.

Qeyd edək ki, "Əl-Ərəbiyyə" telekanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, İsrail və HƏMAS arasında atəşkəsin oruc ayının sonuna qədər uzadılmasına dair razılıq əldə olunub.

Martın 2-də isə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövlətinin ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Qəzzada Ramazan (martın 29-na qədər davam edəcək) və Pasxa (yəhudilərin aprelin 12-dən 19-na kimi qeyd olunacaq bayramı) bayramı zamanı müvəqqəti atəşkəs planını qəbul etdiyini açıqlayıb.

Yanvarın 15-də məlum olub ki, İsrail və HƏMAS Qəzzada saxlanılan girovları azad etmək və anklavda atəşkəs tətbiq etmək barədə razılığa gəliblər. Üç mərhələni əhatə edən saziş yanvarın 19-da qüvvəyə minib, birinci mərhələsi martın 1-də başa çatıb. Razılaşmanın birinci mərhələsində olan 33 israilli girovun hamısı, o cümlədən ölən 8 nəfər öz vətənlərinə qaytarılıb. Onların müqabilində İsrail 1500-dən çox fələstinlini həbsdən azad edib.

Martın 7-də Misirin dövlət xəbər agentliyi bildirib ki, HƏMAS-ın yüksək rütbəli rəsmiləri Qəzzada atəşkəs razılaşmasının icrası və sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanmasını müzakirə etmək üçün Qahirəyə gəliblər. 

Töhfə Səməd

tag: İsrail ,Fələstin,HƏMAS,Ramazan,Qəzza,todaypress.az,