Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və
aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən
Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,
Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və
digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış
iclası mayın 1-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi
Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar
Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə
iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi,
həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Əvvəlcə hakim Zeynal Ağayev məhkəmədə ingilis dilində
materialın tədqiq olunması ilə əlaqədar prosesdə ingilis dilində tərcüməçi
qismində iştirak edəcək Zeynəb Salamovanı təqdim edib.
Hakim prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə
məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Prosesdə təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşanın
işğalından dərhal sonra orada olmasını əks etdirən videomaterial nümayiş
etdirilib.
Videomaterialın tədqiqi zamanı Baş prokurorun xüsusi
tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli görüntülərin Şuşanın işğalından dərhal
sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.
Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda
özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülki
geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa
planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayandır. Mülki geyimdə olan şəxs
Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı...
Digərlərini tanımıram. Görünür ki, sadəcə, hərbçilərdir”.
Ardınca təqsirləndirilən şəxs Davit İşxanyanın Şuşanın
işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması
barədə videomaterial nümayiş olunub.
Videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin
Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində
irəliləmələrini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın
əmri ilə yolu bağlayıblar.
Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də
dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan
təyin olunub.
Təqsirləndirilən şəxs D.İşxanyan dövlət ittihamçısı Vüsal
Abdullayevin suallarına cavabında videomaterialda yer alan faktların düzgün
olmadığını, bunun təbliğat məqsədilə çəkildiyini iddia edib. O deyib ki,
nümayiş olunan videomaterial 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə
işğal altında olan ərazilərində qondarma rejimin “parlament və prezident
seçkiləri” ərəfəsində çəkilib. “Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsa
ilə gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orada iştirak edə bilməzdim”, -
deyə o əlavə edib.
Məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyanın
müsahibəsinin yer aldığı videomaterialdan kadrlar da nümayiş etdirilib və
tədqiq olunub. A.Harutyunyan filmdə erməni tağım komandirlərindən biri barədə
Kərkicahan, Malıbəyli və digər döyüşlərdə iştirak etməsindən danışır.
A.Harutyunyan dövlət ittihamçılarının suallarını
cavablandırarkən həmin döyüşlərdə iştirak etmədiyini, adıçəkilən döyüşlər
zamanı İrəvanda Kənd Təsərrüfatı İnstitutunda ali təhsil aldığını iddia edib. O
bildirib ki, 2020-ci ildə qondarma rejimdə “namizəd” olarkən müharibə zamanı
“xidmətləri”nin şübhə altına alınmaması üçün belə çıxış edib. A.Harutyunyan
deyib: “Özümə sənəd hazırlayanda şahidlər çağırmışdım desinlər ki, guya mən
döyüş əməliyyatlarında iştirak etmişəm. Orada mənim həmin dövrdə olan xidmətim
əks etdirilməli idi. Onlar orada o məlumatı verməli idilər ki, mənim orada
iştirak etməyimin şahidi olublar. Mən, ümumiyyətlə, o məlumatları (döyüşlərlə
bağlı – red.) dostlardan almışam və sentyabrdan guya onlarla xidmət etmişəm.
Təfsilat barədə qardaşımın gündəliyindən tanışam. Bunlar olmasaydı, 2020-ci il
“seçkiləri” zamanı mənim həmin dövrdə xidmətim şübhə altına alınardı. Hansısa
bir şey çəkilməli idi və götürülməli idi ki, mən döyüşlərdə iştirak etmişəm.
Amma fakt budur ki, mən həmin vaxt tələbə olmuşam”.
O, öz vəkilinin sualını cavablandıran zaman isə deyib ki,
Qarabağa birdəfəlik 1993-cü il avqustun sonu-sentyabrın əvvəlində köçüb.
Arayik Harutyunyan dövlət ittihamçılarının suallarını
cavablandırarkən Şuşanın işğalı əməliyyatına rəhbərlik edən şəxslərin Laçın
rayonunun işğalında da iştirak etdiklərini bildirib.
O, ötən məhkəmə prosesində nümayiş olunan videomateriala
istinad edərək Şuşanın işğalına rəhbərlik edən şəxslərdən (Samvel Babayan,
Seyran Ohanyan, Valeri Çitçyan, Arkadi Karapetyan və s.) Valeri Çitçyan istisna
olmaqla, digərləri ilə tanış olduğunu deyib.
“Filmdə nə deyilirsə, reallığa uyğundur. Onlar təkcə Şuşa
əməliyyatında yox, Laçın əməliyyatında da iştirak ediblər. Demək istəyirəm ki,
Şuşa əməliyyatı ilk vahid əməliyyat idi. Onlar əməliyyatı daha bir neçə gün -
mayın 17-dən 19-dək davam etdiriblər.
A.Harutyunyan Zori Balayanın tez-tez Qarabağa gəldiyini,
bütün rəhbər şəxslərlə görüşdüyünü də bildirib.
Məhkəmədə Qaradağlı kəndinin işğalına qədər baş vermiş
bir sıra cinayət hadisələri, o cümlədən Qaradağlıda Azərbaycan vertolyotunun
vurulması ilə bağlı sənədlər nümayiş etdirilib və tədqiq olunub.
Bu cinayətlərə 1989-cu, 1990-cı və 1991-ci illərdə
Qaradağlı kəndinə ermənilər tərəfindən müxtəlif hücumların edilməsi,
azərbaycanlı əhalinin qətlə yetirilməsi, meyitlərin yandırılması, onlara
xəsarətlərin yetirilməsi, kəndin talan edilməsi, sakinlərin mal-qaralarının
aparılması və s. daxildir. Habelə azərbaycanlıların olduqları sərnişin
avtobuslarının dəfələrlə atəşə tutulması nəticəsində ölənlər və yaralananların
olması faktları ilə bağlı sənədlər nümayiş etdirilib.
Məhkəmədə 1991-ci il noyabrın 20-də Qarakənddə
vertolyotun vurulması faktı üzrə protokollar da tədqiq edilib. Bildirilib ki,
hadisə zamanı vertolyotda olmuş 22 nəfərin hamısı həlak olub. Fakta görə, həmin
gün Xankəndi Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Hadisə yerinə baxış zamanı Məhəmməd Əsədovun, İsmət Qayıbovun, İqor Plavskinin,
Nikolay Jinkinin tabel silahları və operator Fəxrəddin Şahbazovun sərəncamında
olan “Panasonic 450 AJ” markalı videokamera tapılmayıb.
Məhkəmədə Monte Melkonyanın qardaşı Markar Melkonyanın
“Mənim qardaşımın yolu” adlı kitabından bir hissə elan olunub. Həmin hissədə
deyilir: “Günorta saat 5-dək hərbi dəstələr hərbi məqsədlərinə nail olmuşdular.
Həmin gün ermənilər tərəfindən bir döyüşçü öldürülmüşdü. Azərbaycanlılardan isə
iki nəfər həlak olmuşdu və 48 nəfər əsir götürülərək yük maşınına yığılmışdı”.
Kitabda, həmçinin “Şram Edo” kimi təqdim olunan erməni
hərbçinin bir neçə yaralı azərbaycanlı əsgərin üzərinə benzin töküb onları
diri-diri yandırmasından da bəhs edilir. Kitabda deyilir: “Monte kəndin
qırağında yerləşən xəndəyə gəldiyi zaman ora artıq ət parçaları olan bir
qəssabxanaya çevrilmişdi”.
Daha sonra məhkəmədə həmin hadisələrin canlı şahidləri –
zərərçəkmiş şəxslər ifadə verib, onlara ünvanlanan sualları cavablandırıblar.
Zərərçəkmiş şəxs Seyyur Nağıyev ifadəsində Qaradağlı
kəndində dünyaya gəldiyini, həmin kəndin sakini olduğunu, təqsirləndirilən
şəxslərdən Davit İşxanyanı tanıdığını bildirib və deyib: “Bizim qonşu
kənddəndir”.
S.Nağıyev diqqətə çatdırıb ki, erməni hərbçilər 1992-ci
ildə Qaradağlını işğal edənə qədər mütəmadi olaraq kəndə hücum edib, mülki
insanları qətlə yetirib, evlərini yandırıb, mal-qaralarını talayıblar. O deyib
ki, 1992-ci il fevralın 15-dən 17-dək Qaradağlıya bütün istiqamətlərdən hücum
olub, kənd mühasirəyə alınıb. Hücum əməliyyatında muzdlular da iştirak ediblər.
Zərərçəkmiş Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə
rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, erməni hərbçilərin kənd
sakinlərinə hücumu 1989-cu ildən başlayıb.
O, Qaradağlının işğalı zamanı əzizlərinin, o cümlədən
qardaşının, əmisinin və əmisinin üç oğlunun qətlə yetirildiyini deyib və
onların adlarını çəkib: “Dadaşov Eldar İsa oğlu, Nağıyev Aftandil Xanlar oğlu,
Dadaşov Uğur Eldar oğlu, Dadaşov Mikayıl İslam oğlu, Dadaşov Manaf İslam oğlu.
İki yeznəmiz, əmimin yeznələri... Əslində, Qaradağlıda öldürülənlərin hamısı
qohum idi. Onların bəzilərinin taleyi hələ də naməlumdur”.
Zərərçəkmiş şəxs deyib ki, kənd işğal olunanda onu da
digər sakinlər kimi, girov götürərək Xankəndiyə aparıblar: “Soyuq, şaxtalı
havada girovlara dəhşətli işgəncələr verilirdi”, - deyə o xatırlayıb.
O, bir müddət girovluqda saxlanıldıqdan sonra Allahverdi Bağırovun
vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.
S.Nağıyev vurğulayıb ki, kəndə hücumlar zamanı erməni
hərbçiləri “Arabo” batalyonunun komandiri Manvel Yeqiazaryan idarə edirdi.
Bu zaman dövlət ittihamçısının təklifi ilə məhkəmədə
Manvel Yeqiazaryanın fotosu nümayiş etdirilib.
S.Nağıyev fotodakı şəxsi tanıdığını, onun Manvel
Yeqiazaryan olduğunu deyib.
Zərərçəkmiş Qaradağlı sakini Vidadi Hüseynov hadisələrin
1988-ci ildən başladığını, mütəmadi olaraq azərbaycanlılara hücumların edildiyini
diqqətə çatdırıb. Bildirib ki azərbaycanlılar qətlə yetirilirdi. “Avtobuslara
hücum edib mülki insanları atəşə tuturdular. Dinc sakinləri diri-diri yandırıb
mal-qarasını talayırdılar. Azərbaycanlıları ağaca bağlayıb güllələyirdilər”, -
deyə o əlavə edib.
Onun sözlərinə görə 1992-ci ilin fevralında Qaradağlıya
dörd tərəfdən hücum olub. Zərərçəkmiş şəxs deyib ki, hücum zamanı kənddə 118
mülki azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar olub. Həmin mülki
əhaliyə qarşı 400-500 silahlı erməni hücum edib. Hücum edənlərin bir hissəsi
Ermənistandan gələn döyüşçülər, bir hissəsi muzdlular olub. Fevralın 17-də kənd
işğal edilib.
Zərərçəkmiş şəxs İlqar Hüseynov işğal zamanı girov
götürüləndən sonra yük maşınları ilə aparıldıqlarını, “Bəylik bağı” adlanan
yerdə 33 nəfərin güllələndiyini bildirərək deyib: Həmin yerdə saxladılar, orada
33 nəfəri güllələdilər. Qalan insanları, o cümlədən məni Xankəndi istiqamətində
apardılar”.
O, Xankəndidə saxlanıldığı vaxt işgəncələr gördüyünü, 45
gün sonra erməni əsirlə dəyişdirildiyini bildirib.
Zərərçəkmiş şəxs Əmiraslan Quliyev 1992-ci il fevralın
17-də erməni hərbçilərinin Qaradağlıya dörd tərəfdən hücum etdiyini bildirib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, girov götürülən azərbaycanlıların 30-dan
çoxunu maşından düşürüb güllələyiblər. Meyitləri yaxınlıqdakı quyuya atıblar.
Yolda bir neçə dəfə maşınları saxlayaraq əsirlərin bəzilərini güllələyiblər.
Digərlərini Xankəndiyə aparıb, orada onlara işgəncələr veriblər.
Zərərçəkmiş Baxşeyş Hüseynov bildirib ki, 1992-ci ilin fevralında
kənd işğal olunanda onu girov götürüblər: “Məni digər əsir və girovlarla
bərabər Xankəndiyə apardılar. Orada bizə hər gün işgəncələr veriblər.
Bədənimizi bizlə deşiblər”. Zərərçəkmiş şəxs 56 gün girovluqda qaldığını qeyd
edib.
Zərərçəkmiş Şamxal Şirinov da 1991-1992-ci illərdə
Qaradağlının mütəmadi şəkildə atəşə tutulduğunu, kənd sakinlərinə hücumlar
olunduğunu, azərbaycanlıların qətlə yetirildiyini, əmlaklarının talan
edildiyini deyib. O bildirib ki, kənd həmin vaxt faktiki mühasirədə olub, onun digər
ərazilərlə bütün əlaqələri kəsilib, nəticədə ciddi şəkildə ərzaq çatışmazlığı
yaranıb. Kənd işğal olunanda onu da girov götürüblər. Onunla bərabər girov
götürülənlərin bir qismi güllələnib. Zərərçəkmiş şəxs deyib ki, girov
saxlandığı zaman ona dəhşətli işgəncələr verilib, dişlərini çəkib çıxarıblar,
döyüb, bədəninə çoxsaylı xəsarətlər yetiriblər.
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi
tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi
dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında
Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen
Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori
Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz
və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan
dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi
üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri,
Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan
David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan
Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan
Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik
Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,