Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

Hərbi

30.04.2025 11:35

20

Aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür.

TodayPress xəbər verir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı.

Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. 

29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib.

26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik edib. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak edib.

İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab olunur. 8 noyabrda Prezident İlham Əliyev XTQ rəhbəri Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik edib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb. Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ hər adama nəsib olmur. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi çox vacib şərtlərdəndir.

Həmin qüvvələrin üzvlərinə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir.

Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.  Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariyə hazırdır.

Qeyd edək ki, XTQ şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

tag: XTQ,Azərbaycan,30 aprel,Yaranma günü,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo