Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul
üçün müraciətlərin müddəti yeni regional sənəd qəbulu mərkəzlərində 30 may
2025-ci il tarixinədək uzadılıb.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən bildirilib.
Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə
yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu
mərkəzləri Gəncə, Kürdəmir, Masallı, Beyləqan, Goranboy, Bərdə və Quba
şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq
filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə
Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri,
Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na
ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35
yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa
çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu
sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər
qəbul edilir.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi
xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası
tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi
Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş
şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və
fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu
halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa
qəbul edilirlər.
Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş
şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı
təqdim edilir.
Tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1
nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici
sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət
vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1
nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin
surəti (1 nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2
ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial
qaydada təsdiq olunmuş, 1 nüsxədə);
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
İmtiyazlar:
Kurs müddətində
- əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin
aylıq pul təminatı.
Xidmət müddətində
- kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin
kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti
məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə
alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul
mükafatı;
- ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti;
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz
xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada inkişaf.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti
uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və
məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin
kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Əlaqə məlumatları: Telefon: (012) 404-18-45, Çağrı
mərkəzi: *0811.
tag: Hərbi,Xidmət, Müdafiə Nazirliyi, Müraciət, todaypress.az,