Arif Əsədov: “Santuş mənimlə işləmək istəmədi”
“Bu Fernandu Santuşun qərarıdır. Bütün məsuliyyət onun üzərindədir”.
Bunu TodayPress-ə futbol üzrə Azərbaycan milli komandası ilə yollarını ayıran məşqçi Arif Əsədov deyib. O, yeni baş məşqçi Fernandu Santuşun birgə fəaliyyətdə maraqlı olmadığını bildirib.
“Santuş baxıb gördü ki, komanda da normal iş gedir, futbolçular məni baş məşqçi kimi qəbul edir. Ona görə, birgə fəaliyyəti dəstəkləmədi və mənimlə əməkdaşlıq etmək istəmədi. Mən də bir peşəkar kimi bunu normal qarşılayıram” deyə Arif Əsədov əlavə edib.
O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətinə də münasibət bildirib:
“AFFA-da mən artıq uzun illərdir təlimatçı kimi çalışıram. O, işimi davam etdirəcəm. AFFA rəhbərliyinə ötən illər ərzində mənə göstərdiyi etimada görə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, Arif Əsədov 2020-ci ildən Azərbaycan millisinin məşqçisi idi. O, bu ilin mart ayından iyun ayınadək yığmanın müvəqqəti baş məşqçisi olub.
Namiq HUN
tag: Arif Əsədov, Azərbaycan, AFFA, Santuş, Milli Komanda, todaypress.az,