Azərbaycanın Dünya Oyunları üçün heyəti müəyyənləşdi
Azərbaycan millisi Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarında ən azı dörd növdə təmsil olunacaq.
TodayPress xəbər verir ki, gələn il avqustun 7-dən 17-dək keçiriləcək mundialda təkcə gimnastikada idmançılarımız üç növdə çıxış edəcəklər.
Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən dünya çempionatındakı qələbə əsasında tamblinq yarışında çıxış etmək hüququ qazanıb.
Akrobatlar Çenqdu yarışına üç vəsiqə əldə ediblər. Qarışıq cütlərin yarışında Azərbaycanı Portuqaliyanın Gimaraynş şəhərində keçirilən mundialda ikiqat çempion olan Ağasif Rəhimov - Raziyə Seyidli cütlüyü, kişi duetində iki qızıl medal qazanan Murad Rəfiyev - Daniel Abbasov, kişi akrobatlardan ibarət qrupda isə Dünya çempionatının bürünc mükafatçıları olmuş Riad Səfərov, Rəsul Seyidli, Abdulla Əl-Meşaihi və Seymur Cəfərov Dünya Oyunlarında çıxış edəcək.
İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanan Vladimir Dolmatov - Mədinə Mustafayevadan ibarət qarışıq aerobika cütü də Çenqduya yollanacaq.
Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Dünya Oyunlarına vəsiqə qazanıb.
Namiq HUN
tag: Azərbaycan ,Çin,Çenqdu ,Dünya Oyunları,Mixail Malkin,todaypress.az,