Millimiz Avropa birinciliyində 8-ci oldu

İdman

03.03.2025 13:00

2285

Türkiyədə keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyinə yekun vurulub.   

TodayPress xəbər verir ki, son yarış günündə qızların şpaqa və oğlanların sablya komanda yarışında Antalya turnirinin qalibləri müəyyənləşib. 

Heyəti Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə yığma komandamız yarışda 8-ci yeri tutub. 

İlk görüşdə İspaniya yığmasına 45:42 hesabı ilə qalib gələn qılıncoynadanlarımız, ən güclü səkkizlikdə turnirin gümüş medalçısı olan Fransa seçməsinə 29:45 hesabı ilə məğlub olub.   

Komandamız 5-8-ci yerlər uğrunda keçirilən qarşılaşmalarda isə Almaniya və Rumıniya millilərinə 41:45 hesab ilə uduzub. 

Heyəti Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət şpaqa üzrə yığma komandamız isə yarışda 14-cü olub. 

Komandamız ilk görüşdə turnirin finalçısı Macarıstan yığmasına 34:45 hesabı ilə məğlub olub. 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə 31:45 hesabı ilə uduzan şpaqaçılarımız, son qarşılaşmada isveçrəli rəqibləri ilə də bacarmayıblar 41:45.   

Namiq HUN

tag: Qılıncoynatma,Azərbaycan,Fransa,Oğlanlar,Todaypress.az,